Türk rəssam: “Həyatımın məqsədi pul qazanmaq olsaydı, sənətlə məşğul olmazdım”

Türk rəssam: “Həyatımın məqsədi pul qazanmaq olsaydı, sənətlə məşğul olmazdım”
# 04 may 2018 10:33 (UTC +04:00)

Türkiyənin tanınmış rəssamı, “Aydınlık” qəzetinin köşə yazarı Əkrəm Qəhrəmanın APA-ya müsahibəsi

- Nə üçün şəkil çəkirsiniz? Maddi qazancı nəzərdə tutmuram. Bu işdən nə əldə etməyi hədəfləyirsiniz - şöhrət, titul, nə?

- Həmişə bunu deyirəm: qadınlar və kişilər var, qadınlar uşaq doğanda tarixə düşürlər, dünya onların sayəsində davam edir. Kişilər isə əlaqə yaratmaq üçün dişi cinsdən öz qadınlarından başqasını axtarırlar. Əslində bütün bunlar qəribədir, müvəqqəti duyğular yaşanır. Ancaq bunların hamısı nəyəsə alət olmaqdan başqa bir şey deyil. Bunu “sənət” və “peşə” məfhumları arasındakı fərqləri göstərmək üçün deyirəm. Sənət-qadınlar kimidir, əslində çox sadə iş görmələrinə baxmayaraq, dünyanın dəyişməsinə xidmət edərək gələcəyi qururlar. Həqiqi sənətkar pul-şöhrət-titul üçün sənətlə məşğul olmaz. O şeylərin ardınca getsə belə, sonsuzluğa doğru açılan sənət mühitində özü üçün son dərəcə qəribə olan xoşbəxtlik duyğusu yaşayır. O duyğu həyatın bütün sahələri üçün Tanrı tərəfindən verilən dinamikadır. Sənətkar kimi məni bu duyğu daha çox təmin edir. Nəticədə mən də pul qazanaraq, həyatını davam etdirən insanlardan biriyəm, ancaq həyatımın məqsədi pul qazanmaq olsaydı, sənətlə məşğul olmazdım, pul qazana biləcəyim o qədər iş var ki...

Sənətlə məşğul olmağımın yeganə səbəbi - bəşəriyyət adına sonsuzluğa açılan, gələcəyi quran və məni xoşbəxt edən duyğunu daşımağımdır. 30 il əvvəl gördüyüm işlərin bu gün insanlarda yaratdığı dəyişikliyi indi görə müşahidə edirəm, bu gün gördüyüm işlərin də 30 il sonra dəyişikliklər yaradacağına inanıram. Sənət əsərləri yaratmağımın səbəbi-gələcəyə olan inamımdır.

- Xeyli insan deyir ki, pulum olsa, daha yaxşı əsərlər yaradaram. Siz özünüzü o qrupa aid hiss edirsiniz, yoxsa əsər yaratmaq üçün sizə fırça və boya kifayət edirmi?

- Yox, mən də bir mənada, özümü o qrupa aid hiss edirəm. Çünki indi zəmanənin böyük şoulara ehtiyacı var. İndiki insanların diqqətini cəlb etmək üçün onların başına normal çəkiclə yox, nəhəng bir külüng ilə vurmaq lazımdır. O da pul ilə mümkündür. Mən də deyirəm ki, filan qədər pulum olsa, Taksim meydanını sənət sahəsinə çevirərəm.

- Yox, mən o mənada demədim. Sənətkar əsər yaradanda pulu düşünməlidirmi?

- Yox, mənim elə bir fikrim yoxdur. Pul mənə sənətdəki hədəflərimə çatmaq üçün lazımdır. O gücün bir hissəsi vaxtdır, vaxt da puldur, ancaq tam mənada pul deyil. Maddiyyatdan asılı olmayaraq, sənətin tarixdəki rolu nə olubsa, onun daha böyüyü gələcəkdə də olacaq.

- Sənətin təsirindən danışırsınız. Kimə təsir göstərdiniz: kütlələrə, fərdlərə, yoxsa onları idarə etmək iddiasında olan siyasətçilərə? 20 il əvvəlki sərgilərinizə siyasətçilərin çox maraq göstərdiyini görmüşdüm. Nazimin dediyi “Necə çıxar, qaranlıqlar aydınlığa?” - fəlsəfəsinin inkişaf etdirilməsində rolunuz nədir? Təsirini ölçə bildinizmi?

- Ölçmədim, ancaq düşüncələrim var. Sanki kimlərsə dua yazıb, siyasət sahəsi lənətlənib. Sənətin də siyasətin də təməlində intellektual nəzəriyyə yoxdur.

- Türkiyədə yoxdur, yoxsa dünyada?

- Dünyada da yoxdur. Bizim Türkiyə bunu aşmış kimi görünsə də, bu, intellektual təcrübəmizin çoxluğundan deyil, xalqımızın özünə aid olan cahil cəsarətli davranışlarından irəli gəlir. Məsələn, bizim sənətin infrastrukturu güclü olmasa da, duyğu həssaslığından gələn bir çılğın səmimiyyəti var. Bizdə də xeyli dar qutu olmasına baxmayaraq, o qutuları cıra biləcək insan potensialımız daha güclüdür. Qərb bitib, sanki keçmişdə çox gözəl olmuş bir qadının ədasını daşıyır. Şərq isə bu məsələlərə daha mühafizəkar şəkildə baxır. Şərqdə, Qafqazda, Balkan ölkələrində müxtəlif mədəniyyətlər arasında yoğurulub formulə edilməyən xəmir var, mən o xəmirin çox bərəkətli olduğunu düşünürəm.

- Söz sənətindən uzaq olan rəsm sənəti düşünmək mümkündürmü? Əvvəllər çıxardığınız şeir kitablarınızı oxumuşdum. O sahədə hazırkı vəziyyətiniz necədir?

- Yaradıcılığı “Orada bir baqqal dükanı var - şeir satılır, orada bir baqqal dükanı var - tablo satılır”, - şəklində anlamamaq lazımdır. Söhbət müasir yaradıcılıqdan gedirsə, şeirlə rəsmin arasında çox yaxınlıq var. Şeir obrazlarla yaradılır.

- Hər hansı şeiri oxuyaraq və ya yazaraq onun rəsm əsəri çıxarmısınızmı?

- Heç vaxt məndə elə bir şey olmayıb. Ancaq həmişə var. Keçən il Özdəmir İncənin kitabına illüstrasiyalar çəkmişdim. Şeir də, tablo da abstraksiyanın dili ilə ifadə edilir. Roman, hekayə, musiqi isə o cür deyil. Biz həqiqəti kənardan abstraksiya etməsək, oradan sənət çıxara bilmərik. Şeirin gücü də bundadır, elm də həmçinin. Heç bir alim 2X2=4 üzərindən elm yarada bilməz. Ancaq bir alim 2X2=4 üzərindən elm yaratmaq istəyirsə, hər şeydən əvvəl, “Xeyr etməyə də bilər” - abstraksiyasını da düşünməlidir. Tapılmış həqiqətlər üzərindən deyil, düşünülən həqiqətlər üzərindən şeir də yaza bilərik, rəsm də çəkə bilərik. Sənətin də özünə görə stulları-kresloları var, əsər yaradarkən onu hara yerləşdirəcəyinizi görməlisiniz. İbrahim Balabanın kitabını hazırlayıram. Deyir ki, süddən qatıq çalmaq istəyirsinizsə, onun içinə maya qoymalısınız. O maya nədir? Sənətkarın ruhu da ola bilər, cəmiyyətin ruhu dar, mədəniyyətin ruhu da.

Bunlardan yerli-yerində istifadə etməyəndə qarşımıza xaotik şeylər çıxır. Populyar mədəniyyət qısa müddətə insanlara təsir göstərə bilər, ancaq o mədəniyyət 10-15 ildən sonra da olacaqmı? Mayası olmayan mədəniyyətin yaşaması mümkün deyil.

- Bədii əsərlərini oxuyub portretlərini çəkmək istədiyiniz yazıçılar, şairlər oldumu?

- Yox, məndə elə bir şey olmayıb. Mənim tərzim deyil. Niyə? Çünki bir insanı tanrılaşdırmaq məndə yoxdur. İbrahim Balaban Nazim Hikmətin anası Cəlilə xanımın portretini çəkib, indi redaktə etdiyim kitabına da daxil edib. Düşünürəm ki, İbrahim Balaban Cəlilə xanımın portretini niyə çəksin? Ənənəyə sadiq qalmaq üçün çəkə bilərdi. Heç zənn etmirəm ki, İbrahim Balaban Cəlilə xanımı hiss edib. Çünki 6 ay onun evində qalıb, Cəlilə xanım da düşünürmüş ki, bu adam burdan nə vaxt gedəcək? Nazimə görə, Balabanın bir an əvvəl getməsini istəyə bilmirmiş. Mən rəsmin və rəssamın hegemon olduğu bir dünyadan sənətin və sənətkarın hegemon olduğu bir dünyaya keçdiyimizi düşünürəm. Onun üzərində çalışıram.

- Söz İbrahim Balabandan düşdü, türk rəsm sənətinin duayeninin vəziyyəti necədir?

- Balaban hazırda Şilədə yaşayır, 97 yaşı var. 10 gün əvvəl onu görməyə getmişdik. Onun retrospektiv sərgisini açacağıq, kitabını çapa hazırlayıram. İbrahim Balaban türk kəndi ilə türk müasirliyinin vəhdətini təşkil edən sənətkardır. Kitaba yazı yazan sənətşünaslardan biri Balabanın dünyaya baxışının Paul Valery ilə Arthur Rimbaudun dünyaya baxışlarına çox yaxın olduğunu müşahidə edib. Türk rəsm sənətində şəxsi manifest yazan yeganə adam İbrahim Balabandır, ondan başqa heç birimizin şəxsi manifesti yoxdur. Müasir bir usta incəsənət akademiyalarından daha çox həqiqi sənətkar yetişdirə biləcək gücə malikdir.

- Balabanın Bakıdan hansı ovqatla qayıtdığını bilirəm. Siz Bakıdan necə qayıtmışdınız?

- İctimai baxımdan inkişafın mərkəzi mədəniyyət olmursa, ölkənin gerçək şəkildə inkişafından söhbət gedə bilməz. Azərbaycanın sənət və ədəbiyyat ənənələri bu baxımdan güclü infrastruktura təşkil edir. Bakıda bir konfransda Moskvanı, İstanbulu, Romanı müqayisə edərək, bəzi nəzəri nəticələr təqdim edərkən mənim müdafiə etdiyim fikirlərdən oradakı bir çox həmkarımın xəbərdar olmadığını görmüşdüm. Yaşadığımız zəmanədə sənətkarların fərdi dünyabaxışları çox mühümdür. Orada “ictimai realist” cərəyan hələ də öz təsirini qoruyur. Halbuki “ictimai realist” - deyə sənətkar olmaz. Sənətin özü ictimaidir. “İctimai realist” şeir, roman, kino olmaz. Nə olar? Şeir olar, roman olar, kino olar və onlar ictimai reallığı ifadə edərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR