Binəqədidə yanğın baş verən yaşayış binasını üzləyən şirkətin təsisçilərindən biri ifadə verib - YENİLƏNİB

Binəqədidə yanğın baş verən yaşayış binasını üzləyən şirkətin təsisçilərindən biri ifadə verib - <span style="color: red;">YENİLƏNİB
# 03 noyabr 2016 10:59 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid "Qlobal Stone" MMC-nin əməkdaşı Nəsimi Mehdiyev ifadə verib.

O qeyd edib ki, təsisçilər şirkətin işlərinə müdaxilə etməyib. Şahid qeyd edib ki, qəlibləmə prosesində əlavə heç bir qatqıdan istifadə olunmayıb: "Məhsullarımızın da keyfiyyəti yaxşı idi, malların sertifikatı vardı. Poliuretan məhsullarının yanğına dayanıqlığını biz özümüz də dəfələrlə sınaqdan keçirmişik".

Şahid Rizvan Mehdiyev də "Qlobal Stone" MMC-də çalışdığını və poliuretan məhsullarının qablaşdırılması işi ilə məşğul olduğunu deyib: "Zavodda qəliblənmə işlərinə 2011-ci ildən başlanıldı. Xam maddəni isə Türkiyədən alırdıq.

Proses noyabrın 8-də davam etdiriləcək.

12:51

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

"Global Constuction" MMC təsisçilərindən biri Hüseynbala Əlizadə ifadəsində bildirib ki, 2015-ci ilin may ayına qədər 50 faiz payla şirkətdə işləyib: "Digər "Qlobal Stone” MMC-də isə 30 faizlə təsisçilərdən biri olmuşam. Miryusif Mahmudovla səlahiyyətlərimizdə fərq yox idi. Direktorlar öz işlərini sərbəst şəkildə həyata keçirirdilər. Biz onların işinə müdaxilə etmirdik. Miryusif Mahmudovla biz 6 ay ya da ildə bir dəfə iclaslarda iştirak edir və hesabatları alırdıq. 2011-ci ildə poliuretan fasad üzlüklərindən istifadə etməyə başladıq. Bu material keyfiyyətinin aşağı salınması, ucuz əldə edilməsi ilə bağlı təsisçilər arasında heç vaxt müzakirə aparılmayıb. Mebel və tikinti sənayesində yüksək keyfiyyətlə çalışmışıq".

Sora o, vəkillərin suallarını cavablandırıb. H. Əlizadə ibtidai istintaqa verdiyi ifadəsində divarla poliruretan üzlüklər arasında boşluq yarandığı üçün yanğının sürətlə yayılması barədə fikirlərini qismən təsdiq edib.

O, yanğının hansı səbəbdən baş verdiyindən xəbərsiz olduğunu deyib.

Proses davam edir.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR