Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Şamo” şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, yoxlamalar zamanı obyektdə təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb. Tələblərə laqeyd yanaşan şadlıq sarayının icarədarı Abdul Mikayılov 4000 manat cərimələnib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumatda isə bildirilir ki, Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoran aşkarlanıb və icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı, restoranın icarədarı olan rayon sakini Elşad Abdullayevin obyektə vaksinsiz müştəri buraxdığı müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
Şahnəzər Bəşirov
Vəli Turan