Multikulturalizm Mərkəzində “Kürmük məbədi – Azərbaycanın maddi-mədəni irsidir” mövzusunda dəyirmi masa keçirilib

 Multikulturalizm Mərkəzində “Kürmük məbədi – Azərbaycanın maddi-mədəni irsidir” mövzusunda dəyirmi masa keçirilib
# 30 iyun 2015 12:24 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, tarix elmləri doktoru Həcər Verdiyeva dəyirmi masanı açaraq Azərbaycanın bəşər mədəniyyətinin mərkəzlərindən biri olaraq ulu əcdadlarımızın müxtəlif çalarlı mədəni dəyərlərə sahib olduğunu diqqətə çatdırıb və ölkəmizin ərazisində tarixin müxtəlif dövrlərinə aid yüzlərlə maddi-mədəniyyət abidələrinin mövcud olduğunu bildirib.

Tədbir zamanı Azərbaycan tarixinin Qafqaz Albaniyası dövrü həqiqətlərinin daşıyıcısı olan tarixi abidələr dəyirmi masa iştirakçılarının - tarixçilər, arxeoloqlar, etnoqraflar, filoloqların əsas müzakirə mövzusu olub.

Dəyirmi masada Qax rayonunda yerləşən Kürmük məbədinin çoxçalarlığı vurğulanaraq, əcdadlarımızın dini inanclarının rəmzi abidəsi olduğu diqqətə çatdırılıb.

Çıxış edən məruzəçilər - tarix elmləri doktoru M.Paşayeva, tarix elmləri namizədləri M.Xəlilov, T.Əliyev, E.Vəliyev və tədqiqatçı-arxeoloq B.Məmmədova əldə edilən faktiki materiallar əsasında ölkənin Şimal-qərb bölgəsində qorunan maddi-tarixi abidələr haqqında maraqlı məlumatlar verərkən, bu abidələr silsiləsində Kürmük məbədinin özünəməxsus yer tutduğunu vurğulamış, Azərbaycan xalqının sələflərinin dini inanclarının, politeizmdən – monoteizmə keçən davamlı yolun abidəsi olduğunu bildiriblər.

Dəyirmi masada, həmçinin Qafqaz Albaniyasının mədəni-mənəvi mühiti və bu mühitin mövcud olduğu zamanların ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” eposu haqqında da fikir mübadiləsi aparılıb, növbəti dəyirmi masanın məhz “Qafqaz Albaniyası və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR