Prezident İlham Əliyev: “270 kəndin modul tipli təmizləyici qurğularla təmin edilməsi bu il başa çatmalıdır”

Prezident İlham Əliyev: “270 kəndin modul tipli təmizləyici qurğularla təmin edilməsi bu il başa çatmalıdır”
# 11 aprel 2017 01:45 (UTC +04:00)

“Bu il biz kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra edəcəyik. Bu təmizləyici qurğuların 170 kənddə quraşdırılması “Azərsu” ASC-nin, 100 kənddə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmin ediləcək".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

“Müvafiq sərəncam imzalanıb. Bütün kəndlərin adları bu sərəncamda göstərilib. Mən xüsusilə belə tapşırıq verdim ki, həm o kəndlərin sakinləri, həm bu işi icra edənlər bilsinlər, bu məsələ nəzarət altındadır. Əgər sadəcə o sərəncamda yazılsaydı ki, 100 və ya 200 kəndin su problemi həll edilsin, buna filan qədər vəsait ayrılsın, sonra ona nəzarət etmək çox çətin olacaqdı: 100 kəndəmi, yoxsa 50 kəndə su verildi? Sərəncamda bütün o rayonların, kəndlərin adı göstərilib və mən o kəndlərin sakinlərindən xahiş edirəm ki, onlar da nəzarət etsinlər. Götürsünlər o sərəncamı baxsınlar. Əgər onların kəndi o siyahıda varsa və o iş görülmürsə dərhal yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat versinlər. Əlbəttə ki, əgər o işdə hansısa bir qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar. Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdə məlumat olsun. Bax, bu məlumatı biz veririk, 270 kəndin modul tipli təmizləyici qurğularla təmin edilməsi bu il başa çatmalıdır, vəsait ayrılıb və nəzarət də olmalıdır”, deyə dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR