Türkiyə səfiri BANM-də olub

Türkiyə səfiri BANM-də olub
# 08 fevral 2017 08:48 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Azərbaycanla Türkiyənin qardaş ölkələr öldüğünü deyən rektor iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcudluğuna toxunub. Elmar Qasımov Türkiyənin universitetlərində çox sayda azərbaycanlı tələbənin təhsil aldığını, gənclərin bu ölkəyə böyük marağının olduğunu bildirib. Rektor rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurlarından söz açıb. O, BANM-lə Türkiyə universitetlərinin qarşılıqlı əlaqələrinin qurulmasında maraqlı olduğunu dilə gətirib. Elmar Qasımov yaxın vaxtlarda Ali Məktəblə YÖK (Yüksekoğretim Kurulu) arasında əməkdaşlıqla bağlı işlərin görüldüyünü, Türkiyənin Orta Doğu Teknik Universiteti (ODTU) ilə BANM-in əlaqələrinin qurulmasına marağını diqqətə çatdırıb.

O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün yenidən Ali Məktəbə dəvət edib.

Erkan Özoral Türkiyə-Azərbaycan əlaqələrinin "bir millət iki dövlət" anlayışı üzərində qurulduğunu bildirib. Səfir Ali Məktəblə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduğunu deyib.

Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR