Şahin Mustafayev İranın Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşüb

Şahin Mustafayev İranın Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşüb
# 25 yanvar 2017 14:27 (UTC +04:00)

İqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib. Dövlət başçıları tərəfindən qarşıya qoyulmuş vəzifələr Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası tərəfindən yerinə yetirilir, energetika, tranzit, infrastruktur və s. sahələrdə əlaqələr genişlənir, ölkələrimizin tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir.

İran nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana səfəri zamanı Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməlinin qoyulduğunu diqqətə çatdıran Ş. Mustafayev müəssisənin tikintisinin ölkələrimiz arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan önəmli layihələrdən olduğunu qeyd edib. Bundan başqa, Neftçala Sənaye Zonasında yaradılan Azərbaycan-İran birgə avtomobil istehsalı zavodu da əməkdaşlığımızın mühüm sahələrindəndir. Ölkələrimiz arasında ticarət əlaqələri genişlənir. Ötən 2016-cı ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70%-ə yaxın artıb. Görüşdə qeyd edilib ki, İranla, xüsusilə də İranın sərhəd regionları ilə əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin inkişafı imkanları böyükdür. Qarğıdalı, günəbaxan, xurma, kişmiş, çuğundur kimi kənd təsərrüfatı məhsullarının Azərbaycanda birgə istehsalı və emalı üçün imkanlar var. Azərbaycanın bir sıra ölkələrlə Azad Ticarət Sazişinin olduğunu xatırladan Ş. Mustafayev bu məhsulların daxili tələbatla yanaşı, birgə ixrac oluna biləcəyini də qeyd edib. Bundan başqa, Neftçala və Masallıda kənd təsərrüfatı texnikası üzrə birgə xidmət yaradıla bilər.

Q. Qarabağ son illər ölkələrimiz arasındakı münasibətlərin tarixində ən yüksək səviyyədə olduğunu, əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsini və mühüm rolunu vurğulayıb. O, iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən bir sıra kənd təsərrüfatı məhsullarının birgə istehsalı, emalı və ixracı imkanlarını qeyd edib, Azərbaycan və İran məhsullarının tanıdılması üçün birgə sərgilərin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə həmçinin, Azərbaycan nümayəndə heyətinin fevral ayında İranın bir sıra regionlarına nəzərdə tutulan səfərinə, keçiriləcək görüş və tədbirlərə dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR