Gənclər Fondu Gənclər üçün Prezident Mükafatına namizədlər irəli sürəcək

Gənclər Fondu Gənclər üçün Prezident Mükafatına namizədlər irəli sürəcək
# 30 may 2018 15:56 (UTC +04:00)

Gənclər Fonduna Gənclər üçün Prezident Mükafatına namizədlər irəli sürmək hüququ verilib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.

İndiyə qədər elm və təhsil sahələri üzrə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə Mədəniyyət Nazirliyi, ictimai fəaliyyət sahəsi üzrə dövlət orqanları və qeyri-hökumət təşkilatları mükafata irəli sürülən namizədlər haqqında Gənclər və İdman Nazirliyinə məlumat təqdim edib. Dəyişikliyə əsasən artıq Gənclər Fondu fəaliyyət istiqamətləri üzrə mükafata irəli sürülən namizədlər haqqında Gənclər və İdman Nazirliyinə məlumat təqdim edəcək.

Eyni zamanda, Gənclər Fondu Gənclər və İdman Nazirliyinin mükafata təqdim edilmiş namizədlərin seçimini təşkil etmək məqsədi ilə yaratdığı Ekspert Komissiyasında da 1 nümayəndə ilə təmsil olunacaq.

Qeyd edək ki, Gənclər üçün Prezident Mükafatı 10 min manat puldan, diplomdan, mükafatın nişanından və həmin nişanın vəsiqəsindən ibarətdir. Ekspert Komissiyası qərarları səsvermə yolu ilə, sadə səs çoxluğu əsasında qəbul edir. Ekspert Komissiyası namizədlərin seçilməsi barədə əsaslandırılmış aktını, Mükafata təqdim ediləcək namizədlərin siyahısını və fəaliyyətinin yekunu haqqında protokolu Gənclər və İdman Nazirliyinə təqdim edir. Gənclər və İdman Nazirliyi, Mükafata namizədlərin siyahısını hər bir namizədin müvafiq şərtə uyğunluğu barədə arayışla birgə növbəti ilin 10 yanvar tarixinədək Azərbaycan prezidentinə təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR