Mərhum jurnalist Elmira Əmrahqızının kitabının təqdimatı olub

Mərhum jurnalist Elmira Əmrahqızının kitabının təqdimatı olub
# 18 noyabr 2017 14:04 (UTC +04:00)

Bu gün görkəmli jurnalist, “Qızıl qələm”, H.Zərdabi yaradıcılıq mükafatları laureatı Elmira Əmrahqızının “Mən jurnalistəm…” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mərhum jurnalistin həyatının ayrı-ayrı məqamlarını əks etdirən videoçarxı nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova həmkarı Elmira Əmrahqızı ilə 30 ildən artıq davam edən dostluq münasibətlərindən, onun jurnalist kimi yaradıcılıq keyfiyyətlərindən, vətəndaş mövqeyindən və səmimiyyətindən danışıb: “Elmira çox cəsarətli xanım idi. Biz onun xarakterinin bu cəhətinə qanlı 20 Yanvar günlərində bir daha şahid olduq. Elmira həmin hadisələr haqqında dünyaya car çəkən qələm sahiblərinin birincilərindən idi. Onun xatirəsinə həsr olunmuş “Mən jurnalistəm” kitabı unudulmaz həmkarımızı sevənlərə dəyərli töhfədir”.

Elmira Əmrahqızının tələbə yoldaşları Sədaqət Kərimova, İsaq Əmənullayev, həmkarları Vasif Səmədov, Yaşar Quluzadə, iş yoldaşı Aynur Bəşirli çıxış edərək onun müxbir, reportyor və rəhbər kimi məziyyətlərindən danışıblar, yazdığı məqalələrin, hazırladığı reportajların bədii-publisistik keyfiyyətlərindən, sosial əhəmiyyətindən və ən nəhayət, narahat vətəndaş mövqeyindən bəhs ediblər, xatirələrini bölüşüblər.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov isə Elmira Əmrahqızının etibarlı dost, qayğıkeş yol yoldaşı və öz işinin peşəkarı olduğunu vurğulayıb, mərhum həmkarı barədə maraqlı xatirələrini bölüşüb.

Mərhum jurnalist Elmira Əmrahqızının oğlu Abdulla Abdullayev anasının xatirəsinə həsr olunmuş “Mən jurnalistəm…” kitabının ərsəyə gəlməsinə və tədbirin təşkilinə görə AZƏRTAC-ın rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

“Mən jurnalistəm…” kitabının nüsxələri tədbir iştirakçılarına paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR