FHN Qəbələdə komanda-qərargah təlimi keçirib

FHN Qəbələdə komanda-qərargah təlimi keçirib
# 13 oktyabr 2016 14:47 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi və nazirliyin regionda yerləşən digər qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanları əməkdaşlarının iştirakı ilə oktyabrın 12-13-də Qəbələ rayonu ərazisində komanda-qərargah təlimi keçirilib.


APA-nın yerli bürosunun xəbərinə görə komanda-qərargah təliminə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik edib. Komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimə FHN-in bütün qurumlarından 640 nəfərlik şəxsi heyəti və 110 ədəd texnikası cəlb olunub.


Kompleks təlimlər zamanı bir neçə şərti hadisə və qəzalar baş verib. Belə ki, əvvəlcə Qəbələ rayonu Soltannuxa kənd orta məktəbində baş verən qəza zamanı şagirdlərin köçürülməsi, zəlzələ zamanı kənd sakinlərinin köçürülməsi və onların çadırlara yerləşdirilməsi prosesi həyata keçirilib. Sonra qaz kəmərində baş verən partlayışın söndürülməsi və xəsarət alan şəxslərin ərazidən çıxarılması, onlara ilkin tibbi yardımın göstərilməsi əməliyyatı həyata keçirilib. Sonra yol nəqliyyat hadisəsi zamanı xilasedicilər tərəfindən xəsarət alan şəxslər xilas olunub. Meşə massivində baş verən və geniş ərazini əhatə edən yanğının söndürülməsi üçün tədbirlər uğurla bağa çatdırılıb.

Çoxmərtəbəli yaşayış binasında baş verən partlayışdan sonra dağıntılar altında qalan insanların xilas edilməsi və baş verən yanğının söndürülməsi, bundan əlavə kimyəvi təhlükəli qəza ocağının söndürülməsi və insanların xilas edilməsi əməliyyatı həyata keçirilib.

Təlim taktiki cəhətdən mürəkkəb ərazidə və əlverişsiz hava şəraitində keçirilib, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Təlimi Avstriyanın Daxili İşlər Nazirliyinin yanğın üzrə ekspertləri və dağ alpinizmi üzrə mütəxəssisləri də izləyib.
Təlimdən sonra nazir müavini Etibar Mirzəyev avstriyalı mütəxəssislərlə görüşüb, komanda-qərargah təliminin yekunları ilə bağlı müşavirə keçirib. Sonda nazir müavini avstriyalı mütəxəssislərə hədiyyələr təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR