AMEA Nəsimi adına Dilçilik İnstitutunun yeni direktoru planlarını açıqlayıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun yeni direktoru planlarını açıqlayıb
# 28 iyul 2015 13:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Mən 1979-cu il yanvarın 15-də Dilçilik İnstitutunda dil tarixindən müdafiə etmişəm. Tofiq Hacıyev də mənim opponentim olub. Tofiq müəllim ürək genişliyi ilə məni təbrik edib, yeni işimdə uğur arzuladı. Mən özümü Tofiq müəllimin şagirdi sayıram. Tofiq Hacıyev böyük dilçi alimdir. Əlbəttə, biz onun təcrübəsindən istifadə edəcəyik”.

Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun yeni direktoru, professor Möhsün Nağısoylu deyib.

O bildirib ki, prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələr sistemli şəkildə həyata keçiriləcək: “Rəhbərlik edəcəyim İnstitutunun kollektivi mənə tanışdır. O mənada hesab edirəm ki, əl-ələ verib dilçilik elmimizin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərəcəyik. Qeyd edim ki, İnstitutun əsas elmi-tədqiqat işləri məhz Dövlət Proqramına uyğun davam etdiriləcək. Konkret bir-iki kiçik planım da var. Mən dil tarixi ilə məşğul olan mütəxəssisəm. Bizim ana kitabımız “Kitabi Dədə Qorqud”dan tutmuş klassik ədəbiyyat nümunələrinin çoxunda qədim Azərbaycan-türk mənşəli sözlər işlənib ki, onların da çoxu hazırda müasir ədəbi dilimizdə işlənmir. Mənim ən böyük arzularımdan biri fundamental qədim Azərbaycan-türk sözləri lüğəti hazırlamaqdır. Bu istiqamətdə müəyyən işlər görülüb, amma pərakəndə şəkildə. Sistemli şəkildə iş aparılmayıb. Daha sonra son 20-30 ildə bizim dilimizə “qloballaşma”, “tolerantlıq”, “multikulturalizm” kimi sözlər daxil olub. Onların bəzilərinin mənasını adi Azərbaycan vətəndaşı bilmir. Bu sözlərin də izahlı lüğətini hazırlamaq lazımdır. Azərbaycan dilinin izahlı lüğəti 1964-87-ci illərdə hazırlanıb. Bundan sonra bizim dilimiz nə qədər zənginləşib”.

M. Nağısoylu Azərbaycan dilinin dialektoloji atlaslarının çapının davam etdiriləcəyini əlavə edib: “İlk növbədə Qarabağ bölgəsinin dialektoloji atlasını hazırlamaq lazımdır. Çünki dialektləri öyrənmək dil tarixini öyrənmək deməkdir. Bundan əlavə, Azərbaycan dilçiliyinin dünya dilçilik məktəbləri ilə, o cümlədən türkdilli ölkələrin dilçilik mərkəzləri ilə əlaqələrini qurmaq lazımdır. Bunları səmərəli şəkildə davam etdirməyi düşünürəm”.

Direktor qeyd edib ki, Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin hazırlanması istiqamətində də işlər aparılacaq: “Bu işdə tarixilik prinsipinə söykənmək lazımdır. Orfoqrafiya lüğətində müəyyən çatışmazlıqlar var. Oturub, düşünüb bir qərara gəlməliyik. Mən hesab edirəm ki, orfoqrafiya lüğətinin hazırlanması prosesində şərqşünaslar və başqa sahələrin nümayəndələri də iştirak etməlidirlər”.

Qeyd edək ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev ötən həftə tutduğu vəzifədən istefa verib. T. Hacıyevin yerinə Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR