Bu gündən Bakı və Abşeron yarımadasında tam rəqəmli yayıma keçilib

Bu gündən Bakı və Abşeron yarımadasında tam rəqəmli yayıma keçilib
# 31 oktyabr 2016 21:00 (UTC +04:00)

Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.

APA-nın xəbərinə görə, bu gündən Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçiriləcək.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov APA-ya bildirib ki, indiyə kimi 9 TV vericisi Teleqüllədən, 3 TV vericisi Günəşli Radio-Televiziya Stansiyası (RTS) və 1 TV vericisi Fatmayi RTS analoq yayımını aparıb. O qeyd edib ki, bu gündən bunların 13-ü və bir də Sumqayıtdakı “Dünya” TV-nin analoq TV vericisi söndürülüb.

Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımı dayandırılacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə MTRŞ-da qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digərmüvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Xatırladaq ki, Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanıb. Azərbaycan Respublikası əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR