Həyat yoldaşını öldürən qadın məhkəmədə ifadə verib

Həyat yoldaşını öldürən qadın məhkəmədə ifadə verib
# 07 fevral 2017 09:05 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N. Kərimova bildirib ki, həyat yoldaşı ilə tez-tez dalaşıb: "Bir gün evə sərxoş gəldi. Biz mübahisə etdik, məni itələyib, divara çırpdı və sonra stolu götürüb başıma vurmaq istəyəndə, bıçağı əlimə aldım və onu qorxutmaq istədim. Amma qəfildən bıçaq onun sinə nahiyəsinə dəydi. Mən onu qəsdən vurmadım. Hadisə vaxtı özümdə olmamışam".

Hakim Ə. Hacıyev bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət var. N. Kərimova istintaqdakı ifadəsində V. Kərimovu bıçaqla affekt vəziyyətində olarkən vurduğunu etiraf edib.

Prosesdə şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmənin növbəti iclası fevralın 9-na təyin edilib.

Qətl hadisəsi ötən ilin iyulun 23-də Ramana qəsəbəsində baş verib. İttihama görə, 27 yaşlı Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.

N.Kərimova bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqar Kərimovla həyat yoldaşı arasında dava düşüb. Ərinin bıçaqla onu öldürəcəyini görən qadın cəld tərpənərək bıçaqla ona zərbələr endirib. V. Kərimov hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR