Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib

Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib
# 22 iyun 2015 12:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə Apellyasiya Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R. Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədildikdə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham olunub.

Onu da qeyd edək ki, hadisədən bir müddət sonra Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq intihar edib. Bu mənzərəni görən A. Hüseynovun atası Müzəffər Hüseynov isə infarkt keçirərək ölüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Hüseynov ömürlük azadlıqdan məhrum edilib. O, apellyasiya şikayətində ömürlük həbs cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR