Gürcüstanda Azərbaycandilli məktəblər üçün dərsliklərin ölkədə çapı təklif olunub

Gürcüstanda Azərbaycandilli məktəblər üçün dərsliklərin ölkədə çapı təklif olunub
# 05 dekabr 2017 13:56 (UTC +04:00)

“Gürcüstanda etnik azlıqların kompakt yaşadığı bölgələrdə dövlət dilinin effektiv tədrisi ciddi problem olaraq qalır”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan ombudsmanının bu gün təqdim olunan “Gürcüstanda 2017-ci ildə insan hüquq və azadlıqlarının vəziyyəti” hesabatında deyilir.


Hesabatda vurğulanıb ki, ombudsman ikidilli təhsilin və dərsliklərin modelinin effektiv olmadığını dəfələrə qeyd edib: “Təhsil Nazirliyinin bu fikri bölüşməsinə baxmayaraq, tədris hələ də bu dərsliklərlə həyata keçirilir. Təhsil Nazirliyinin məlumatına əsasən yeni ikidilli təhsil modeli və müvafiq dərsliklərin hazırlanması üzrə intensiv işlər aparılır”.


Hesabata əsasən yeni dərsliklərin inkişaf etdirilməsi və təsdiqi 2018-ci ilin yazında başa çatacaq. Ombudsman həmçinin Təhsil Nazirliyinə Azərbaycan və ermənidilli məktəblər üçün ana dili üzrə dərsliklərin Gürcüstanda hazırlanıb çap etdirilməsini təklif edib.


Hesabatda Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının vəziyyətinə də toxunulub: “Azərbaycan teatrının və etnik azlıqlara məxsus bir sıra abidələrin bərpası məsələsi hələ də qalmaqdadır.”.

Qeyd edək ki, son illər Azərbaycan Gürcüstanın azərbaycandilli məktəblərini dərsliklərlə təmin edir. Son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR