Azərbaycanla Türkiyə gömrük xidmətləri əməkdaşlığı genişləndirir

Azərbaycanla Türkiyə gömrük xidmətləri əməkdaşlığı genişləndirir
# 14 noyabr 2016 14:34 (UTC +04:00)

Sədərək Gömrük İdarəsində Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan tərəfdən DGK sədrinin birinci müavini Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Türkiyə tərəfdən isə Dilucu Gömrük İdarəsinin rəisi Məsut Koç və digər rəsmi şəxslər iştirak edib.

Görüşdə Türkiyənin digər sahələrdə olduğu kimi xarici ticarət siyasətində də Azərbaycan üçün öncül yerlərdən birini tutmasından, iki ölkə arasında ticarət dövriyyəsinin, qarşılıqlı investisiya qoyuluşunun ilbəil artmasından məmnunluqla bəhs olunub.

Ölkələrimiz arasındakı gömrük əlaqələrinin də yüksələn xətt üzrə inkişaf etdiyi, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi, Azərbaycan Gömrük Xidmətində risklərin idarə olunması ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinin bu sahədə nailiyyətlərin əldə edilməsinə kömək göstərdiyi bildirilib.

Azərbaycanla Türkiyə arasında yeganə sərhəd qapısı olan Sədərək-Dilucu gömrük-keçid məntəqəsinin ölkələrimiz üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanaraq hər iki gömrük idarələri arasında əməkdaşlığın inkişaf perspektivləri, sürətli keçidin təmin edilməsi və məlumat mübadiləsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR