Azərbaycan prezidenti Banqladeş və Cibutinin yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti Banqladeş və Cibutinin yeni səfirlərinin etimadnamələrini qəbul edib
# 26 oktyabr 2016 09:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Məhəmməd Əli Kamil fəxri qarovul dəstəsinin qarşısından keçib.

Məhəmməd Əli Kamil etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Cibuti Respublikası arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirib. Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan prezident İlham Əliyev Azərbaycan ilə Cibutinin dost ölkələr olduğunu deyib. Dövlət başçısı ölkələrimizin xüsusilə beynəlxalq təşkilatlarda həmrəylik göstərərək uğurlu əməkdaşlıq etmələrinin və bir-birilərinə daim dəstək vermələrinin önəmini qeyd edib.

Siyasi əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyən prezident bu əlaqələri digər sahələrdə də genişləndirməyin vacibliyini bildirib. İkitərəfli əlaqələrin inkişafında səfirlərin rolunu qeyd edən İlham Əliyev səfir Məhəmməd Əli Kamilin Azərbaycanın müvafiq qurumları ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması üçün müzakirələr aparacağına ümidvar olduğunu bildirib.

Bakıya səfər edərkən ölkəsinin prezidenti ilə görüşdüyünü vurğulayan Məhəmməd Əli Kamil İsmayıl Ömər Celinin Azərbaycanı Cibuti üçün böyük əhəmiyyət kəsb edən mühüm ölkə kimi xarakterizə etdiyini bildirib.

Azərbaycan prezidenti həmçinin Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin etimadnaməsini qəbul edib. Səfir Allama Siddiki fəxri qarovul dəstəsinin qarşısından keçib.

O, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Banqladeş arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlət başçısı ölkələrimizin bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməsinin önəmini qeyd edib. Hər iki ölkənin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayan prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının bu il İstanbulda keçirilən sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun təsis edilməsinə göstərdiyi dəstəyə görə Banqladeş tərəfinə minnətdarlığını bildirib.

Azərbaycan ilə Banqladeş arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı qarşılıqlı ticarətin həcminin artırılması üçün çoxlu imkanların mövcud olduğunu qeyd edib, iş adamları arasında əlaqələrin, eləcə də bu sahədə mövcud imkanların araşdırılmasının əhəmiyyətini vurğulayıb. Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mütəmadi təmaslar qurulmasının vacibliyini bildirib.

Banqladeşin Azərbaycana qardaş ölkə olduğunu deyən səfir Allama Siddiki isə Azərbaycana, Azərbaycan xalqına və mədəniyyətinə ölkəsində məhəbbətlə yanaşıldığını bildirib, ölkəmizin qədim tarixi, həmçinin tarixən oynadığı rol barədə məlumatlı olduqlarını qeyd edib. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan diplomat ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Səfir Allama Siddiki prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha da inkişaf edəcəyinə, geostrateji mövqeyini möhkəmləndirəcəyinə və daha vacib rol oynayacağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR