Bugünkü hərracda 35 dövlət əmlakı özəlləşdirilib

Bugünkü hərracda 35 dövlət əmlakı özəlləşdirilib
# 11 oktyabr 2016 10:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu gün dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

APA-Economics”in məlumatına görə, istənilən vətəndaşın, yerli və xarici investorların məhdudiyyətsiz iştirak etdiyi açıq hərracda səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı baş tutub. Budəfəki hərrac zamanı ümumilikdə 35 dövlət əmlakı özəlləşdirilib. Bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1 milyon manatdan çox vəsait köçürüləcək.

Hərrac rəqabət şəraitində keçməsi ilə yadda qalıb. Belə ki, 5 kiçik dövlət müəssisə və obyektinin satışı üzrə bir əmlaka bir neçə sifariş verilməsi səbəbindən hərrac rəqabətli olub. Bu əmlaklar Bakının Nəsimi, Xətai rayonlarında və Sumqayıt şəhərində yerləşən istifadəsiz qeyri-yaşayış sahəsi və obyektlərdir. Belə ki, Sumqayıt şəhərində yerləşən emalatxana və Bakının Nəsimi rayonundakı 5 mərtəbəli binanın zirzəmisi (16,5 kv.m) üçün 2 sifarişçi qeydə alınıb. Nəsimi rayonundakı eyni binanın 24,8 kv.m-lik zirzəmisi üçün 3 sifarişçi, 40,2 kv.m-lik digər zirzəmiyə isə 2 sifarişçi özəlləşdirmək üçün iddialı olub. Digər 2 sifarişçi isə Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 37,8 kv.m-lik zirzəmisini hərrac vasitəsilə əldə etmək üçün elektron sifariş verib. Rəqabətli hərraclar bir daha onu göstərir ki, vətəndaşlar və potensial investorlar belə hərraclarda iştirak etməyə maraqlıdır.

Hərrac media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib. Onlar hərrac prosesini əyani müşahidə etməklə yanaşı, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərracları canlı izləyə biliblər.

Hərracda 2 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Satılmış səhmdar cəmiyyətləri istehsal sahəsinə aid olan “Saxsı qablar” ASC və “Beyləqan Dəmir beton” ASC-dir. Belə müəssisələrin özəlləşdirilməsindən sonra qoyulacaq investisiya sayəsində onların fəaliyyətinin müasir tələblər əsasında bərpası mümkün olacaq.

Özəlləşdirilmiş kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə respublikanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir. Kiçik dövlət əmlakları ticarət, ictimai iaşə, xidmət və digər sahələrə aid olub. Xatırladaq ki, növbəti belə hərrac 25 oktyabrda keçiriləcək və 84 dövlət əmlakı satışa çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR