Azad Rəhimov BMT İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumuna qatılıb

Azad Rəhimov  BMT İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumuna qatılıb
# 01 fevral 2017 07:38 (UTC +04:00)

Nyu-Yorkda BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-nin baş qərargahında iki gün davam edən forumun əsas mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub. Forumda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Frederik Musiva Makamure Shava tərəfindən dəvət alan Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.

Şuranın 6-cı iclasının keçirilməsinin əsas məqsədi, qloballaşmanın yaratdığı mənfi təsirlərlərlə mübarizənin çətinləşdiyi fonda, müxtəlif ölkələrdə milli inkişaf məqsədlərinin həyata keçirilməsində məhz gənclərin perspektivlərini üzə çıxarmaqdır.

Forum zamanı çıxış edən nazir Azad Rəhimov ölkədə dövlət tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif illəri əhatə edən dövlət proqramlarının, sərəncamların imzalandığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, məhz bu diqqətdən irəli gələrək Azərbaycan BMT-nin əvvəlki baş katibi Pan Gi Munun qlobal səviyyədə gənclər siyasətinə dəstək verilməsi ilə bağlı çağırışına cavab verən ilk ölkə olub: “Forumun əsas mövzuları olan , insanlar, planet, sülh və rifaha gəldikdə isə, biz müxtəlif Dövlət Qurumları və QHT-lər ilə birlikdə bu istiqamətlər üzərində uzun zamandır ki, ciddi işlər aparırıq. Çünki, gənclərin global cəmiyyətdə öz sözlərini deməsi, onların müxtəlif sahələri əhatə edən fikir və təşəbbüslərini realizəsi önəmli faktorlardandır.”

Nazir, region gənclərinin də diqqət mərkəzində olduğunu və onların cəmiyyətdə aktiv fəaliyyəti üçün imkanlar yaradıldığını qeyd edib.

Nazir Azərbaycanın istər yerli, istər regional, istərsə də beynəlxalq səviyyədə gənclərin inkişafı və gənclərə yönəlik layihələri dəstəkləyəcəyini xüsusi olaraq diqqətə çatdırıb.

Səfər çərçivəsində nazir Azad Rəhimov BMT-nin Avropa və MDB regionu üzrə direktoru xanım Cihan Sultanoğlu ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda gənclər sahəsində görülən işlərlə bağlı Cihan Sultanoğlu tərəfindən məmnunluq bildirilib.

Bununla yanaşı, nazir Gürcüstan və Serbiyalı həmkarları ilə də görüşüb.

Azad Rəhimov Rusiya Federasiyasının Gənclərlə iş üzrə Federal Agentliyinin direktor vəzifələrini icra edən rəsmisi ilə də görüş keçirib.

Səfərin sonunda nazir Azad Rəhimov BMT-nin baş katibinin gənclər siyasəti üzrə xüsusi nümayəndəsi Əhməd Əlhəndavi ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR