Abdolbari Gözəl: "Biznes bir ölkənin mədəniyyət transferidir"

Abdolbari Gözəl: "Biznes bir ölkənin mədəniyyət transferidir"
# 29 aprel 2016 12:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra sahibkarlığın inkişafında yeni mərhələyə qədəm qoyulub. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə genişmiqyaslı islahatlara başlanılıb, sistemli və məqsədyönlü iqtisadi siyasət həyata keçirilib. Heydər Əliyevin qətiyyəti sayəsində əsrin müqaviləsi imzalanıb, ölkəyə xarici sərmayə axını güclənib. İqtisadi və siyasi sabitlik xarici investorları Azərbaycanda nəinki neft, eləcə də qeyri-neft sektoruna da sərmayə yatırmağa həvəsləndirib. Hakimiyyətdə olduğu müddətdə Heydər Əliyev daim sahibkarlığa diqqət və qayğısını əsirgəməyib. "Azərsun Holdinq"in prezidenti Abdolbari Gözəl də məhz Heydər Əliyevin dəvəti ilə Azərbaycanda yeni istehsal müəssisələri yaratmağa başlayıb.


“O zaman ölkəyə sərmayə yatırmaq böyük risk idi”

A. Gözəl biznesə başladığı ilk illəri belə xatırlayır: “O mənə təklif edəndə ki, Azərbaycanda fabrik qurum, ilk öncə bir təşəkkür etdi. Dedi, siz xalqı aldatmırsınız, yaxşı qiymət balansı edirsiniz. Sonra dedi ki, bu ölkəyə yatırım edin. Sizin inandırım ki, başımın tükü biz-biz oldu. Çünki, o zaman ölkəyə yatırım etmək mənim üçün böyük risk idi. O dövrdə müxtəlif qurumların işçiləri iş adamlarından pul tələb edirdi. Belə bir vəziyyətdə daim ümummilli liderimizin gələcəyə böyük ümidləri vardı. O, Azərbaycanın gələcəyinə aşiq idi. Məhz o ümid bizi bu gün bura qədər gətirib. O zaman Heydər Əliyevə dedim ki, yatırım etməyimiz üçün nə bank, nə kredit, nə də zəmanətim var. Dedi ki, sənin zəmanətin mənəm! Bir şey demədim. Ümummilli lider mənə özəlləşdirmə yolu ilə iki fabrik götürməyi məsləhət gördü. Mən də gedib çay və yağ fabriklərini götürdüm. Ona güvənərək bu işə başladıq. Təbii ki, biz işə başlayanda digər yerli şirkətlər də işə başlayırdı. Ona görə də biz onun bizə diqqətini bizə verilən dəyər kimi qiymətləndiririk”.

A. Goozalın fikrincə, hazırda dünya miqyasında siyasət biznes üzərində qurulur: “Siyasətdə də biznes birinci sıradadır. Eyni zamanda biznes bir ölkənin mədəniyyət transferidir. Bunun üçün dünyada hər bir insan nə qədər əziyyət çəkərsə, sıxıntılar yaşayarsa, o zaman onun əməyinin dəyəri artar. Təbii ki, əgər doğru yoldadırsa...."

Bu gün “Azərsun Holdinq” Azərbaycanın ən iri şirkətlərindən biridir. Bu holdinq Azərbaycanın qida istehsalı bazarının 66%-nə sahibdir. Ölkədə elə bir ev, elə bir ailə yoxdur ki, bu şirkətin məhz elə həmin fabriklərdə istehsal etdiyi yağdan və ya çaydan istifadə etməsinlər. Elə bir mətbəx yoxdur ki, orada yeməklər bu şirkətin istehsalı olan yağla bişirilməsin, elə bir ailə yoxdur ki, evinə gələn qonağın qarşısına bu şirkətin istehsalı olan çay süzüb gətirməsinlər.

Ümumiyyətlə, arxada qoyduğumuz 20-25 il ərzində Azərbaycanda biznes quran və işə başlayan şirkətlərin hər biri böyüyüb və genişlənib. Bu gün Cənubi Qafqaz ölkələrinin ÜDM-nin 75%-nə sahib olan Azərbaycan iqtisadi nailiyyətləri asanlıqla əldə tutumayıb. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra düşünülmüş iqtisadi siyasət və islahatlar yolu ilə Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub.

Keçmişə qısa səyahət

1993-1996-cı illəri əhatə etməklə ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi ilə xarakterizə oluna bilər. Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan digər mühüm istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın İnkişafı (1993-1995)'' adlı Dövlət Proqramını qeyd etmək olar. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaradıb. Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Azərbaycanın iqtisadi islahatlar və inkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olub: inflyasiya cilovlanıb, büdcə kəsiri ÜDM-nin 1-2%-i səviyyəsinə endirilib. Bu dəyişikliklər nəticəsində dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş və dinamik iqtisadi inkişafı təmin etmək mümkün olub. Belə ki, 1996-cı ildə ÜDM-nin artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil edib.

Respublikamızın iqtisadi inkişafının özünəməxsus xüsusiyyətlərinə əsaslanaraq aşağıdakı istiqamətlərdə uğurlu iqtisadi siyasət həyata keçirilib:

Respublikanın potensialı nəzərə alınaraq uğurlu neft strategiyası işlənib hazırlanıb və müvəffəqiyyətlə həyata keçirilir. Bu isə öz növbəsində, neft sektorunun inkişafı ilə bağlı yardımçı sahələrin inkişafına təkan vermiş və həmin sahələrdə yerli sahibkarların mövqeləri möhkəmlənib.

Neft sektorunun inkişafından əldə edilmiş gəlirlər hesabına ölkəmizin dünya bazarında üstünlük əldə edə biləcəyi ənənəvi qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində uğurlar əldə edilib. Ölkənin yerləşdiyi mühüm strateji mövqedən yararlanaraq uğurlu beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasına başlanıb.

İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan verib. Belə ki, Azərbaycan Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirib. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilib. Azərbaycan Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycanın qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil edib.

Özəlləşdirmənin həyata keçirilməsinin zəruri hüquqi bazası formalaşıb. Bu baxımdan, prosesin hüquqi təminatında baza rolunu oynayan Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramlarının qəbulu xüsusi əhəmiyyət kəsb edib. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşıb. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılıb. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınıb, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılıb.

2002-ci ildən sonrakı mərhələ. 2002-ci il sahibkarlığın inkişafı sahəsində Azərbaycan Prezidenti Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilmiş görüşləri ilə əlamətdar olub. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoyub.

Bu mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafının sürətləndirilməsini, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsini, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını, bu istiqamətdə dövlət dəstəyi tədbirlərinin çərçivəsinin genişləndirilməsi və onların ünvanlılığının daha da artırılmasını, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasını tələb edir.

“Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan verib.

1993-cü ildən etibarən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb.

Yeni açılan 1 milyon 500 min iş yeri

Bu gün Azərbaycan həqiqətən də doğru yoldadır. Bunu istər siyasi, istərsə də iqtisadi göstəricilərlə də sübut etmək mümkündür. Belə ki, təkcə 2004-cü ildən etibarən Ümumi Daxili Məhsul istehsalı 3 dəfə, o cümlədən qeyri-neft ÜDM-i 2,5 dəfə artıb, 71 min yeni müəssisə yaradılıb, sahibkarlığa müxtəlif dövlət dəstəyi tədbirləri həyata keçirilib, 1,7 mlrd. manatdan çox güzəştli kredit verilib, özəl sektorun ÜDM-də payı 81,2%-ə çatıb.

İqtisadiyyatın və sənayenin digər müxtəlif sahələrində bu dövr ərzində 1 mln. 470 min iş yeri açılıb. Həmçinin, bu illər ərzində 25 yeni elektrik stansiyası istismara verilib, 50 min km qaz xətti çəkilib və bərpa olunub, ölkə üzrə qazlaşdırma səviyyəsi 84,5%-ə çatdırılıb. 10,2 min km yolda təmir tikinti işləri aparılıb, 8 590 km içməli su xətti, 3870 km kanalizasiya xətti çəkilib, 2004-2015-ci illərdə 2923 məktəb, 587 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub.

Sahibkarlara artan diqqət biznesi asanlaşdırıb

Dünya bazarında neftin qiymətinin 4 dəfəyə yaxın aşağı düşdüyü, dünyada maliyyə-iqtisadi böhranın daha da dərinləşdiyi 2015-ci ildə də ölkəmizin iqtisadi inkişafı davam edib, ÜDM 1,1% artıb və bu iqtisadi artım qeyri-neft sektoru hesabına təmin edilib. Belə ki, ötən il əsas sahələr olan sənaye 2,4%, qeyri-neft sənayesi 8,4%, kənd təsərrüfatı 6,6% artıb, ölkə iqtisadiyyatına təqribən 20 mlrd. dollar investisiya yatırılıb.

Bu illər ərzində sahibkarlığa diqqət də artıb. Belə ki, ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 243 sahibkara 248,5 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər 12 600-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilmiş kreditlərin 64%-i regionların, 36%-i Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, son zamanlar Azərbaycan prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib. Atılmış addımlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, biznes və investisiya mühitinin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Təkcə lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi nəticəsində lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilıb, lisenziyalar müddətsiz müəyyən olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılıb. Həmin fəaliyyət növü regionlarda həyata keçirildiyi hallarda isə dövlət rüsumu 4 dəfə az ödəniləcək. Artıq lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.

Nailiyyətlərin son göstəriciləri

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda yaradılan müəssisə və təşkilatların sayı 1,8% artaraq, 2016-cı il aprelin 1-ə 102129 olub. Artım əsasən iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Nəqliyyat və anbar təsərrüfatı”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələrində daha nəzərəçarpacaq dərəcədə olub.

Yanvar-mart ayları ərzində yeni yaradılmış müəssisə və təşkilatların 97%-i xüsusi mülkiyyətli (onlardan 5,4%-i tam xarici investisiyalı, 1,5%-i birgə mülkiyyətli), 0,2%-i bələdiyyə mülkiyyətli, 2,6%-i dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Qeydiyyatda olan müəssisə və təşkilatların 53,4%-i Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış müəssisə və təşkilatların 61,3%-i Bakıda, 11,8%-i Aran, 7,7%-i Abşeron, 5,3%-i Quba-Xaçmaz, 5,0%-i Lənkəran və 4,5%-i Gəncə-Qazax iqtisadi rayonlarında qeydiyyata alınıblar.

Bu yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR