Tehran ABŞ Ali Məhkəməsinin İran əleyhinə çıxardığı qərarı pisləyib

Tehran ABŞ Ali Məhkəməsinin İran əleyhinə çıxardığı qərarı pisləyib
# 21 aprel 2016 19:52 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. “ABŞ Ali Məhkəməsinin İran əleyhinə çıxardığı sonuncu qərarı pisləyirik və bu qərar beynəlxalq hüququn əsaslarına ziddir”. APA-nın İranın Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, bu sözləri XİN-nin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.

H.Cabiri Ənsari deyib ki, ABŞ Ali Məhkəməsinin qərarı ədaləti və qanunu lağa qoyub və ABŞ vətəndaşları üçün heç bir hüquqi əsası yoxdur: “Bu qərar İran İslam Respublikasının malını qarət etmək anlamındadır və bu qərar vasitəsi ilə İrana dəymiş ziyanın ödənilməsi təbii olaraq Amerika hökumətinin üzərindədir. Bu qərar göstərir ki, Amerika hökuməti hələ də sionistlərin təsiri altındadır və İrana qarşı düşmənçiliyini davam etdirir. Bu addımla İran xalqının və hökumətinin Amerika hakimiyyətinə etimadsızlığı daha da artır.”

ABŞ Ali Məhkəməsinin aprelin 21-də çıxardığı qərara əsasən, İranın aktivlərindən 2 milyard dollar 1983-cü ildə Beyrutda terror aktları nəticəsində ölən 241 amerikalı hərbçinin ailəsinə veriləcək. Qeyd edək ki, ABŞ terror aktlarının törədilməsində İranı günahlandırır.

Qeyd edək ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı Beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransalı hərbçi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR