Bəhram Xəlilov: “Bəzən dövlət orqanının rəhbəri namizədi vakant vəzifəyə təyin etmir”

Bəhram Xəlilov: “Bəzən dövlət orqanının rəhbəri namizədi vakant vəzifəyə təyin etmir”
# 11 avqust 2016 12:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dövlət İmtahan Mərkəzi (DİM) sədrinin müavini Bəhram Xəlilov dövlət qulluğuna qəbulda test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemləri açıqlayıb. TQDK-dan APA-ya verilən məlumata görə, DİM Direktorlar Şurasının növbəti iclasında çıxış edən B. Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini göstərib: “Namizədlər asanlıqla on-line rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompüter ayrılır. Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməməsi lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur”.

B. Xəlilovun sözlərinə görə, bu sahədə digər problem onunla bağlıdır ki, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbəri namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmir: “Düzdür, belə hallara getdikcə az rast gəlinir”.

Qeyd edilən problemlərin aradan qaldırılması istiqamətində Şura üzvləri öz təkliflərini irəli sürüblər.

Sonra iclas iştirakçıları dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının strukturu, məzmunu barədə fikir mübadiləsi aparıb. Qeyd olunub ki, tələblər əmək bazarına uyğun müəyyən olunmalıdır. Həmçinin müzakirələr zamanı dövlət qulluğuna qəbul zamanı magistr təhsilinin zəruri olub-olmaması məsələsinə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR