Elmar Məmmədyarov bolqarıstanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov bolqarıstanlı həmkarı ilə görüşüb
# 13 may 2016 13:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan xarici işlər naziri Daniel Mitovla görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Bolqarıstan, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb, iki dövlət arasında mövcud olan siyasi dialoq və qarşılıqlı etimadın yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Söhbət zamanı Azərbaycan və Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanaraq, bunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərdiyi qeyd olunub.

Bolqarıstanlı nazir ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, irimiqyaslı enerji layihəsi hesab olunan Cənub Qaz Dəhlizinin Avropa İttifaqı, xüsusilə də Bolqarıstan üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

E. Məmmədyarov isə Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, ATƏT-in Minsk qrupunun həmsədrləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin mövcud “status-kvo”nun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini və münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir 2 aprel tarixindən etibarən Ermənistanın qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinə qarşı törətdiyi təxribatları, o cümlədən artilleriya və digər ağır silahlardan istifadə etməsi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR