Lənkəranda Milli Teatr Günü qeyd olunub

Lənkəranda Milli Teatr Günü qeyd olunub
# 10 mart 2016 01:39 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda Milli Teatr Günü qeyd olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib.

Teatrın aparıcı aktyorlarından Xalq artisti Qabil Quliyev və aktrisa Aynur Əhmədova Azərbaycanda Milli Teatrın yaranma tarixindən, kollektivin inkişaf yolundan, yaradıcılıq planlarından ətraflı söz açıblar.

Ötən illər ərzində Lənkəran teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda nailiyyətlər qazanıb. Cari ilin yanvar ayında Lənkəran teatrının İranda keçirilən 34-cü Beynəlxalq Fəcr Festivalında Azərbaycanı təmsil etməsi də bu uğurlar sırasındadır. Truppa iranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi Bəhram Beyzayinin “İlan Sultan” tamaşasını qonşu ölkənin Təbriz və Məşhəd şəhərlərində nümayiş etdirib. Festivalın yekununda Lənkəran teatrına Təşkilat Komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi verilib. Tamaşa isə festivalın “Ən yaxşı tamaşası” adına layiq görülüb.

Diqqətə çatdırılıb ki, hazırda kollektiv yüksək yaradıcılıq əzmkarlığı ilə yeni tamaşalar üzərində işləyir. Əməkdar artist Adil Zeynalov yazıçı-dramaturq Əli Əmirlinin “Köhnə ev” pyesinin məşqlərini aparır. Bundan əlavə, cari mövsümdə M.F.Axunzadənin ”Hacı Qara” , italyan dramaturqu L. Lunarinin “3 nəfər yelləncəkdə” və daha bir neçə uşaq əsərinin də tamaşaya qoyulması nəzərdə tutulub. Tədbirdə Lənkəran Bələdiyyəsinin təsis etdiyi “İlin incəsənət adamı” nominasiyası üzrə diplom teatrın direktoru Tofiq Heydərova təqdim olunub.

Tədbir boyu teatrın aktyorlarının ifasında Mirzə Fətəli Axundzadənin “Lənkəran xanın vəziri”, Üzeyir Hacıbəyovun “Olanlardan-keçənlərdən”, Aldo Nikolainin “Dəmir sinif”, Rafiq Rəhimlinin “Ağ kələğayı” və Bəhram Beyzayinin “İlan Sultan” tamaşalarından parçalar oynanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR