Bələdiyyə sədri və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə verib

Bələdiyyə sədri və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə verib
# 16 avqust 2016 13:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Ekspert Adil Abbasov ifadəsində deyib ki, qətlə yetirilən şəxslərin evinin yanması hər hansı texniki problem nəticəsində baş verməyib: "Yanğın yataq otağında başlayıb. Bizim rəyimiz bundan ibarətdir ki, yanğın kənar müdaxilə nəticəsində baş verib".

Kamran Hüseynov Masazır qəsəbəsindəki evini F. Hüseynova 58 min manata satdığını deyib: "Biz onunla Masazır qəsəbəsində tanış olduq. Fədaillə sıx ünsiyyətim olmayıb. Mən ona yalnız evimi satmışam, bir-iki dəfə də dostlarımızla birlikdə görüşmüşük".


Daha sonra məhkəmə digər şahidlərin də prosesə gəlməsi üçün məcburi gətirilmə haqqında qərar qəbul edib.

Proses avqustun 26-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR