Şahin Mustafayev Avstriya səfirini qəbul edib - FOTO

Şahin Mustafayev Avstriya səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 17 sentyabr 2015 16:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avstriya səfiri Aksel Vexi qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi əlaqələrin uğurla davam etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin xüsusi əhəmiyyətini qeyd edib.

Bildirilib ki, ölkələrimiz arasında parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiya fəaliyyət göstərir, lazımi hüquqi baza formalaşıb, ticarət əlaqələrimiz inkişaf edir. Hazırda bir sıra Avstriya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, yüksək texnologiyalar, kimya, əczaçılıq, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur. Belə ki, Azərbaycan Avstriyaya ixrac etdiyi məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının çeşidini artırmaqda maraqlıdır. Avstriya şirkətləri Azərbaycanda yaradılan sənaye parklarındakı əlverişli imkanlardan istifadə edə bilərlər.

Avstriya səfiri A.Vex ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, alternativ enerji, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair fikirlərini bölüşüb. O bildirib ki, bu ilin oktyabrında rəsmi şəxslərdən və iş adamlarından ibarət Avstriya nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfir avstriyalı iş adamlarının müvafiq sahələrdə fəaliyyət göstərən azərbaycanlı sahibkarlarla əməkdaşlığa önəm verdiyini qeyd edib.

Bildirilib ki, hazırda Bakıda bir sıra layihələrin icrasında iştirak edən Avstriya şirkətləri Azərbaycan regionlarına da maraq göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR