“DəmirBank”ın təşkil etdiyi yay təcrübə proqramı başa çatıb

“DəmirBank”ın təşkil etdiyi yay təcrübə proqramı başa çatıb
# 14 sentyabr 2015 12:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yay tətili müddətində müxtəlif qabaqcıl universitetlərin tələbələrinin iştirak etdiyi “DəmirBankla Yay Təcrübəsi” adlı proqram 11 sentyabr tarixində başa çatıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, təcrübə müddətində tələbələr əsl komanda işi ilə tanış olub, yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda iştirak edib, karyera təşəbbüslərini üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Qeyd edək ki, bu ilin iyun, iyul və avqust ayları ərzində keçirilən “Yay Təcrübə proqramı” layihəsi çərçivəsində müxtəlif universitetlərdən “DəmirBank”a 500-dən artıq tələbə müraciət edib, aparılan test və müsahibələr nəticəsində 20 tələbə bankda təcrübə keçmək şansı qazanıb.

Bankın müxtəlif struktur bölmələrində təcrübə keçmiş tələbələrlə son görüşdə hər bir proqram təcrübəçisi sertifikata layiq görülüb, “DəmirBank”ın Masallı rayonunda təşkil etdiyi “Yay Təcrübəçilərlə Bir Gün” adlı tədbirdə iştirak edərək qalib olmuş komandaların üzvlərinə hədiyyələr verilib.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR