Azərbaycan və Macarıstan arasında gömrük sahəsində əlaqələrin gələcək perspektivləri müzakirə edilib

Azərbaycan və Macarıstan arasında gömrük sahəsində əlaqələrin gələcək perspektivləri müzakirə edilib
# 27 yanvar 2016 14:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Macarstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskini qəbul edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev Azərbaycanla Macarstan arasında təşəkkül tapmış qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin bundan sonra da müsbət məcrada inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

İki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açan komitə sədri, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərini yüksək qiymətləndirib, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

İ. Laslotski Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, ölkəmizdə sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını bildirib. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

Macarıstan ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan İ. Laslotski iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR