Moskvada bank əməkdaşlarını girov götürən müflis olmuş erməni biznesmen polisə təslim olub - YENİLƏNİB-2

Moskvada bank əməkdaşlarını girov götürən müflis olmuş erməni biznesmen polisə təslim olub - <span style="color: red;">YENİLƏNİB-2
# 24 avqust 2016 21:35 (UTC +04:00)

Moskva.Fərid Əkbərov – APA. Moskvanın mərkəzində yerləşən bankda əməkdaşları girov götürən şəxs polisə təslim olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin xüsusi nümayəndəsi Yuliya İvanova bildirib.

O, hazırda həmin şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilmək üçün Rusiya İstintaq Komitəsinə aparıldığını söyləyib.

***

23:10

Moskva.Fərid Əkbərov – APA. Moskvanın mərkəzində yerləşən bankda girov götürən şəxs bank əməkdaşlarından daha birini azad edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin xüsusi nümayəndəsi Yuliya İvanova hazırda girovluqda bir nəfər bank əməkdaşının qaldığını bildirib.

Bankın yerləşdiyi küçə polis tərəfindən mühasirəyə alınıb. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. Ətrafda yerləşən binalara snayperlər yerləşdirilib.

***

22:13

Moskva.Fərid Əkbərov – APA. Moskvanın mərkəzində bir nəfər bankda müştərilər və işçiləri girov götürüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Bolşaya Nikitskaya küçəsində yerləşən “City Bank”-ın filialında naməlum şəxs bankdakıları girov götürərək özünü partladacağı ilə hədələyir.

Girov götürən şəxsin boynunda naqilləri olan sarı qutu asılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

RİA Novosti-nin yaydığı məlumata görə, bank iflas olmuş iş adamı Aram Petrosyan tərəfindən girov götürülüb. 55-60 yaşlarındakı bu şəxsin müflis olmuş iş adamı olduğu və həmin bankla maliyyə probleminin olduğu qeyd olunur. Onun “Vkontakte” sosial şəbəkəsində Rusiya prezidentinə videomüraciəti də yayımlanıb.

Hadisə yerinə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev də gəlib.

Hazırda bankın yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Əraziyə kənar şəxslər buraxılmır. Ehtimal olunur ki, həmin şəxs bankın müflis olmuş müştərilərindən biridir. O, girov götürdüyü şəxslərin həyatlarına heç bir təhlükə olmadığını bildirib.

Qeyd edək ki, girov götürülən şəxslərdən üçü A. Petrosyan tərəfindən sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR