Milli Məclisdə torpaq hüquqpozulmalarına qarşı cəzanın sərtləşdirilməsi müzakirə olunub

Milli Məclisdə torpaq hüquqpozulmalarına qarşı cəzanın sərtləşdirilməsi müzakirə olunub
# 30 mart 2016 10:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Torpaq Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, sənəd Azərbaycan prezidenti tərəfindən təqdim olunub.

Layihəyə əsasən məcəllənin 110-cu maddəsi tamamilə dəyişdirilərək yeni formada verilir. E. İbrahimov bildirib ki, məqsəd torpaq hüquqpozulmalarına qarşı cəzanın sərtləşdirilməsidir: "Bu Məcəllənin pozulmasına görə məsuliyyət" yeni adla verilən maddənin yeni formasına görə, "Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar".

Maddənin hazırda qüvvədə olan adı və forması isə belədir: "Maddə 110. Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət".

Aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:

- bu Məcəllənin 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması;

- torpaq sahələrinin özbaşına tutulması;

- torpaq sahələrində qanunsuz tikinti aparılması;

- torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi;

- torpaqların zibilləndirilməsi, istehsalat və məişət tullantıları ilə, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulması;

- torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsi;

- torpaqların (o cümlədən meşə torpaqlarının) münbit qatının korlanması;

- torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi;

- müvəqqəti istifadəyə və icarəyə verilən torpaqların vaxtında qaytarılmaması və ya onları təyinatı üzrə istifadə etmək üçün yararlı hala salmaq barədəki öhdəliklərin yerinə yetirilməməsi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin qanunsuz hasara alınması yolu ilə və ya digər üsullarla bağlanılması və ya dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması; [86]

- mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi;

- torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi;

- torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçü vasitələrinin geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların, habelə meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılması.

Maddəyə əlavə edilən "Qeyd" hissədə isə bildirilir ki, "Torpaq Məcəlləsində edilən bu dəyişiklik Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə 2015-ci il 30 sentyabr tarixli 1336-IVQD nömrəli qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2015-ci il 23 noyabr tarixli 1557 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq hazırlanıb".

Bildirilib ki, məcəllələrdə ayrı-ayrılıqda torpaq hüquqpozmaları ilə bağlı sərt cəzalar göstərilib.

Layihə Milli Məclisin plenar iclasın tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR