Ötən ay 328 əcnəbi Azərbaycandan deportasiya edilib

Ötən ay 328 əcnəbi Azərbaycandan deportasiya edilib
# 14 mart 2016 08:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ötən ay 1709 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyənləşib.

Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, onlardan 13-nün Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəzlənib, 128 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1240 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etməsi, 328 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9377 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 37104 əcnəbinin müraciəti qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR