Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 15 illiyi ilə əlaqədar konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 15 illiyi ilə əlaqədar konfrans keçirilib
# 21 iyun 2016 11:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 15: Dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransdan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Dövlət Komitəsinin əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.

Konfransda çıxış edən Mübariz Qurbanlı dövlət-din münasibətləri və komitənin fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ölkədə dini tolerantlıq və dözümlülüyün olduğunu vurğulayıb. Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev əsrlər boyu yəhudi xalqının Azərbaycan xalqı ilə qardaş olduğunu, sülh şəraitində yaşadığını və yaşayacağını vurğulayıb. Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycanda Roma Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıblar.

Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev qeyd edib ki, Azərbaycanda dini zəmində heç vaxt böyük qarşıdurma olmayıb: “Tolerantlılıq, dözümlülük Azərbaycan xalqının qanında var. Azərbaycanda müxtəlif dinləri, dini mənsəbləri qarşı-qarşıya qoymağa çalışıblar. Lakin dövlət xadimləri, dini xadimlərimiz, ziyalılar sinələrini qabağa verərək bunun qarşısını alıblar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov komitənin 15 illik fəaliyyəti barədə təqdimatla çıxış edib. G. İsmayılov nəzərə çatdırıb ki, ümumilikdə idxalla bağlı Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 10994 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 1465 adda kitabın idxalının və yayılmasının qarşısı alınıb. Nəşr etdirmək məqsədilə bu illər ərzində ekspertizaya təqdim olunmuş 1541 adda dini ədəbiyyata baxılıb, onlardan 95-nin çapı məqsədəuyğun sayılmayıb. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif əməliyyat tədbirləri zamanı maddi sübut kimi götürülərək Dinşünaslıq ekspertizasına göndərilmiş 1953 adda dini ədəbiyyata, audio və video materiallara və başqa məlumat materiallarına baxılıb, onlardan 686 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən olunub. Əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir.

Sonda Azərbaycan prezidentinə müraciət qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR