Lənkəranda 20 Yanvar şəhidləri anılıb

Lənkəranda 20 Yanvar şəhidləri anılıb
# 18 yanvar 2016 18:56 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Yanvarın 18-də Lənkəran şəhərinin Böyük Bazar məscidində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Lənkəran, Astara, Masallı, Cəlilabad, Yardımlı və Lerik rayonlarından olan dindarlar, bölgənin din xadimləri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Mərasimdə şəhidlərin ruhuna ehtiram əlaməti olaraq əvvəlcə müqəddəs Qurani-Kərimdən surələr oxunub. Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə qazisi, səlahiyyətli nümayəndə Hacı Sədi Axundzadə müstəqilliyimiz uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirib. Din xadimi 26 il bundan öncə törədilən 20 Yanvar hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirərək bildirib ki, 20 Yanvar faciəsini törətməklə xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz edilib. Lakin Azərbaycan xalqı öz qürurunu itirməyib, onun iradəsi qırılmayıb. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində qəhrəmanlıq səhifəsinə çevrilib.

Digər çıxışlarda qeyd olunub ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət xalq kütlələrini daha da birləşdirib, onların mübarizliyini daha da artırıb. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatıb, milli azadlığına qovuşub.

QMİ-nin cənub bölgəsi üzrə qazisi Hacı Sədi Axundzadənin sözlərinə görə, rayonun bütün məscidlərində 20 Yanvar şəhidlərinin xatirəsi şərəfinə əzadarlıq məclisləri təşkil olunacaq, ehsanlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR