Fikrət Məmmədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb

Fikrət Məmmədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb
# 18 aprel 2016 14:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan nazir son vaxtlar Türkiyədə baş vermiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib, ölkələrimizin ikitərəfli səviyyədə səmərəli əməkdaşlığını, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinə dəstək olduğunu vurğulayıb.

F. Məmmədov zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin inkişafından məmnunluğu ifadə edib, iki ölkənin Ədliyyə nazirlikləri və Ədliyyə akademiyaları arasında imzalanmış əməkdaşlığa dair sənədlərin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlavə şərait yaratdığını bildirib.

Qonaqlar məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduğunu söyləyib, yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd ediblər.

Türkiyə Ali Məhkəməsinin sədri bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində Ermənistanın təxribatının qarşısının alınmasında Azərbaycan Ordusunun zəfərləri münasibətilə təbrik edib, baş vermiş hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib və bu münaqişənin həllində Türkiyənin dəstəyini ifadə edib.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən elektron məhkəmənin tətbiqi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR