“Borussiya”nın yarımmüdafiəçisi: “Qəbələ”nin müdafiədə oturacağını düşünürdük”

“Borussiya”nın yarımmüdafiəçisi: “Qəbələ”nin müdafiədə oturacağını düşünürdük”
# 23 oktyabr 2015 08:25 (UTC +04:00)

Bakı – APA. “Həqiqətən də, oyuna yaxşı başlamadıq. Daha doğrusu, matçın əvvəli bizim üçün sürpriz alındı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Borussiya”nın yarımmüdafiəçisi Sven Bender deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən “Qəbələ”nin qonağı olan Dortmund klubu Bakını 3:1 hesablı qələbə ilə tərk edib.

Matçla bağlı fikirlərini bölüşən Bender “Qəbələ” haqda müsbət fikirlər səsləndirib: “İlk 20 dəqiqə ərzində “Qəbələ” 2-3 təhlükəli vəziyyət yaratdı ki, hətta hesabı açmağa yaxın idi. Yaxşı ki, toparlanmağı bacardıq. Düşünürdük ki, “Qəbələ” ilk dəqiqələrdən müdafiəyə çəkiləcək, bizi əks-hücumlarda tutmağa çalışacaq. Ancaq oyun başlayan zaman fərqli halla qarşı-qarşıya qaldıq. Lakin müdafiədə yaxşı oynadıq”.

Bender “Qəbələ”nin qapısından 3 top keçirən Pyer-Emerik Obameyanqı tərifləyib: “Obameyanq güclü futbolçudu. Həm hesabı vaxtında açdı, həm də ümumilikdə 3 qol vurub, 3500 km-lik yolu əbəs yerə gəlmədiyimizi sübut etdi. Biz Bakıya qələbə qazanmağa, xal ehtiyatımızı artırmağa gəlmişdik. Onu da bacardığımıza görə şadıq. İkinci hissədə müdafiədə daha yaxşı oynadıq. Fasilədən sonra da qol vurduq. Düzdü, “Qəbələ” də oyunun əvvəlində edə bilmədiyini son dəqiqələrdə etdi, fərqlənməyi bacardı. Əsas odu ki, matçı itkisiz başa vurduq”.

26 yaşlı futbolçu Dortmunddakı matçda da yalnız qələbə barədə düşünəcəklərini bildirib: “İki həftə sonra yenidən qarşılaşacağıq. “Qəbələ” ilə öz meydanımızdakı oyunda da məqsədimiz dəyişməyəcək. Bu dəfə də qələbə qazanmaq üçün mübarizə aparacağıq. Çünki azarkeşlərimiz bizdən bunu istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR