Kamran Nəbizadə tütünçülükdə əsas problemləri açıqlayıb

Kamran Nəbizadə tütünçülükdə əsas problemləri açıqlayıb
# 07 fevral 2018 09:43 (UTC +04:00)

"Azərtütün" MMC-nin mövcud potensialı araşdırılıb və hazırda istehsal imkanlarının artırılması üzərində iş aparılır.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələri" mövzusunda keçirilən tədbirə çıxışı zamanı bildirib.

"Şəki-Zaqatala iqtisadi zonasında yetişdirilən "Virciniya" tütünün odla qurudulması üüçün avadanlığa olan tələbatın tam qarşılanması nəzərdə tutulur. Bu sahədə problemlər hələ də qalır. Biz hər şey etməliyik ki, gələcəkdə bu sahədə problem olmasın. Bu, ilk növbədə keyfiyyət problemidir. Ölkə başçısı çıxışı zamanı da qeyd etdi ki, tütünçülüyə çox böyük dövlət dəstəyi olacaq, qurutma kameraları ilə bağlı problem həll olunacaq. Amma dövlət bunu edirsə, biz də öz növbəmizdə bunun bəhrəsini göstərməliyik. Bizdə tütünçülükdə problem elə əkindən, yığımdan başlayır. Fermerləri maarifləndirmək, onlarla fərqli qaydada iş qurmaq lazımdır. Yaxşı fermerləri dəstəkləyib, işləməyən, vəsaitləri qaytarmayan və ya qaytara bilməyən fermerlərə təsir etmək üsulları və mexanizmləri fikirləşməliyik. Qurutmada da eyni problemlər var. Bütün bu problemlərin nəticəsi olaraq bu gün biz keyfiyyət üzrə istədiyimiz nəticəni ala bilmirik. Keyfiyyətdə nəticəni ala bilmədiyimizdən təbii ki, satışda həm qiymət, həm də vaxt baxımından problem yaşayırıq. Məhsuldarlıq da ciddi problemlər var", - deyə K.Nəbizadə əlavə edib.

ASC-nin baş direktoru tütün istehsalçılarına işlərini optimallaşdırmaqla bağlı tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR