Qurban Yetirmişli: “Türkiyədə proqnozlaşdırılan 7 ballıq zəlzələnin Azərbaycana təsiri ola bilməz”

Qurban Yetirmişli: “Türkiyədə proqnozlaşdırılan 7 ballıq zəlzələnin Azərbaycana təsiri ola bilməz”
# 27 yanvar 2017 13:36 (UTC +04:00)

“Zəlzələ sərhəd tanımır. Lakin gələcəkdə Türkiyədə proqnozlaşdırılan zəlzələnin Azərbaycana təsiri ola bilməz”. Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhasekinin 2030-cu ilə qədər İstanbulda 7-7,5 bal gücündə zəlzələ olacaq fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, dünyada qısa müddətli baş verə biləcək güclü zəlzələlərin proqnozunu vermək çox çətindir: “Dünyanın heç bir ölkəsində əsasən də qısa müddətli güclü zəlzələlərin vaxtı, yeri və gücü ilə bağlı dəqiq proqnoz verə bilmirlər”.

Q. Yetirmişli qeyd edib ki, paytaxt Bakıda qaydalara əsasən aidiyyəti qurumlara Mərkəz tərəfindən maksimal ballar verilir və buna uyğun binalar layihələndirilir: “Seysmik riski minimuma endirmək üçün binalar 8-9 bal gücündə baş verə biləcək zəlzələlərə davamlı tikilir”.

Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib ki, mütəxəssislərin araşdırmalarına görə, 2030-cu ilə qədər İstanbulda 7-7,5 bal gücündə zəlzələ proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR