Dövlət Xidməti 602,5 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsini təmin edib

Dövlət Xidməti 602,5 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsini təmin edib
# 11 sentyabr 2015 08:39 (UTC +04:00)

Bakı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin avqust ayında ümumilikdə 98 430 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə görə, həmin vəsaitin 80 847 manatı (82,1%) əmək haqlarından, 15 492 manatı (15,7%) sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub. Son bir ayda ödənilməsi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği ötən ilin avqust ayı ilə müqayisədə 4,2 dəfə, o cümlədən əmək haqları üzrə 4,2 dəfə, sosial müavinət və kompensasiyalar üzrə isə 8,9 dəfə çox olub.

Ümumilikdə, DƏMX-in həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində cari ilin yanvar-avqust aylarında 602 525 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu dövrdə DƏMX işdən qeyri-qanuni şəkildə azad edilmiş 16 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını da təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR