Milli Dram Teatrı Kazanda Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Milli Dram Teatrı Kazanda Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 25 may 2015 11:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Akademik Milli Dram Teatrı Kazanda keçiriləcək Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 1-dən 5-dək baş tutacaq festivalda Tatarıstan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edəcək.

Akademik Milli Dram Teatrı Azərbaycanı festivalda “Kitabi Dədə-Qorqud” eposunun “Disrə xan oğlu Buğac” boyunun motivləri əsasında hazırlanmış “İlahi oyun” tamaşası ilə təmsil edəcək. Tamaşa iyunun 4-də K. Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunacaq.

Tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, rəqslərin quruluşçusu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovadır.

Janrı bir hissəli soylama kimi təyin olunmuş tamaşada əməkdar artistlər Vidadi Həsənov (Ozan – Ata), Pərviz Məmmədrzayev (Ozan – Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.

Festival çərçivəsində türk yazarı Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Teatr Əsərləri Müsabiqəsi də keçiriləcək. Teatrının direktoru, professor İsrafil İsrafilov müsabiqənin münsiflər heyətinin Azərbaycan üzrə nümayəndəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR