Azərbaycan XİN nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəli ərazi deyil”

Azərbaycan XİN nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəli ərazi deyil”
# 08 may 2018 08:53 (UTC +04:00)

“Mən İkinci Dünya müharibəsində Kareliya yarımadasından qovulmuş ailənin nümayəndəsiyəm. Ona görə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hisslərinizi başa düşürəm”.

APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala bildirib.

H. Hautala deyib ki, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. O, Qərbi Saxaranı münaqişəli ərazilərdən biri kimi misal çəkərək işğal olunmuş ərazilərdə mal və xidmətlərlə bağlı problemin olduğunu söyləyib. Eyni zamanda, Azərbaycanda narkotiklərə qarşı mübarizə ilə maraqlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Kamil Xasıyev isə Dağlıq Qarabağ münaqişəsinin fərqli xarakterdə olduğunu vurğulayıb: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, münaqişəli ərazi deyil. Dağlıq Qarabağ probleminə Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Ukraynadakı münaqişələr kimi yanaşılmalıdır”.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələnin Avropa Komissiyası ilə də müzakirə olunduğunu xatırladıb: “BMT Təhlükəsizlik Şurasının qətnamələrində, digər beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Ancaq bu qətnamələr niyə icra olunmur? Mənim günahımdır ki, Azərbaycanda doğulmuşam və müsəlmanam? Niyə Cənubi Osetiyaya bir cür, Dağlıq Qarabağ münaqişəsinə başqa cür münasibət göstərilir? Əgər 1989-cu ildə Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq prizmasından yanaşılsaydı, dünyada başqa münaqişələr olmazdı. Bu gün İspaniyada, digər Avropa ölkələrində də separatçı hərəkatlar baş qaldırır. Mən Avropa demokratiyasından ədalət tələb edirəm”.

Z. Əsgərov deyib ki, ermənilər 1924-cü ildə Stalinin qərarı ilə Dağlıq Qarabağın Azərbaycana verildiyini iddia edirlər: “Stalinin belə bir qərarı olmayıb. Zaqafqaziya Bürosu sadəcə, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR