Moskvada iş adamını oğurlayaraq külli miqdarda pul tələb edən dəstə üzvləri tutulub

Moskvada iş adamını oğurlayaraq külli miqdarda pul tələb edən dəstə üzvləri tutulub
# 03 sentyabr 2015 11:56 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, avqustun 4-də paytaxtda sahibkarlıqla məşğul olan, adı hələlik açıqlanmayan şəxs ərizə ilə polisə şikayət edib. Şikayətçi bildirib ki, "Reno" markalı avtomobildə olan üç nəfər tanımadığı kişi onun idarə etdiyi avtomobili vuraraq yalandan yol-nəqliyyat hadisəsi törədiblər. "Reno"nun sürücüsü iş adamına zərbə vurub, onun başına tündə rəngli kisə salaraq maşına mindirib. Avtomobildə olan digər şəxs isə iş adamına iynə vurub, vurulan maddənin zəhərli olduğunu bildirib. İş adamını qaçıran şəxslər ondan 25 milyon rubl tələb ediblər.

Onlar iş adamını naməlum istiqamətdə aparıblar. Onu döyərək qohumları ilə əlaqə saxlamasını və onlardan azad olunması müqabilində 7 milyon rubl vermələrini tələb ediblər.

İş adamı öldürüləcəyindən qorxaraq cinayətkar dəstənin tələblərini yerinə yetirib. Tələb etdikləri pulu alan dəstə üzvləri iş adamını sərbəst buraxıblar.

"Sentyabrın 1-də Rusiya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa dair Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva vilayətinin Mıtişinski rayonunun Novoqryazevo kəndində adam oğurluğu və dələduzluqda təqsirləndirilən cinayətkar dəstənin 6 üzvü saxlanılıb. 23-34 yaş arası olan saxlanılan şəxslər Orta Asiya, Rusiya və Cənubi Qafqaz ölkələrinin vətəndaşlarıdır”,- deyə Rusiya DİN-in xüsusi nümayəndəsi Yelena Alekseyeva bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvlərindən pnevmatik silah, qandal və narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

Bütün materiallar baxılması üçün Moskva şəhəri İstintaq Komitəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR