® Azərbaycan Fibro Sement zavodu Azərbaycanda inşaat sektorunun yeni inkişaf səhifəsini açacaq - MÜSAHİBƏ

<font color=red>® </font>Azərbaycan Fibro Sement zavodu Azərbaycanda inşaat sektorunun yeni inkişaf səhifəsini açacaq - <span style="color: red;">MÜSAHİBƏ
# 22 oktyabr 2014 12:30 (UTC +04:00)

Bakı-APA. “Synergy Group” ASC, "Davamlı gələcəyə doğru" şüarına sadiq qalaraq, ölkə sənayesinin inkişafına öz töhfəsini verməkdədir. İnvestisiya qrupunun yeni layihəsi Azərbaycanda Fibrosement Zavodunun (Azerbaijan Fibro Cement Plant (AFC) ) tikintisilə bağlıdır.

Tikinti materialları sahəsində yeni səhifə açan layihənin imkanları, gələcəkdə ölkə iqtisadiyyatına verəcəyi töhfələrlə bağlı “Synergy Group” ASC-də Yeni Layihələr və İnvestisiyalar departamentinin direktoru Anar Mehdiyevlə söhbət etdik.

- AFC-nin tikintisi ilə bağlı anlaşma memorandumu hələ 2013-cü ildə Vyanada keçirilən Avstriya-Azərbaycan biznes forumu çərçivəsində imzalanmışdı. Ötən müddətdə layihənin icrası istiqamətində hansı işlər görülüb?

- Ölkə rəhbərliyinin uğurlu iqtisadi siyasəti nəticəsində Azərbaycanın regionda aparıcı mövqeyi vardır. Dövlət başçısının 2014-cü ilin “Sənaye İli” elan etməsi Azərbaycan iqtisadiyyatının inkişafı yolunda atılmış növbəti uğurlu bir addımdır. Bu siyasətə sadiq qalaraq “Synergy Group” özünün biznesyönümlü və eyni zamanda sosial layihələrilə Azərbaycan iqtisadiyyatındakı rolunu gücləndirir. “Synergy Group”un investisiya siyasətində prioritet sahə sənaye sektorudur. Mütəxəssislərimiz tərəfindən inşaat bazarının tendensiyaları, hərəkəti daim diqqət mərkəzində saxlanılır, sənaye sektorunda biznes imkanları mütəmadi olaraq araşdırılır, bençmarkinq təhlilləri aparılır. Hazırda Azərbaycanın və bütünlüklə regionun tikinti materialları bazarında asbest tərkibli məhsulların yeni, daha üstün standartlara və ekoloji təhlükəsizlik normalarına cavab verən məhsulla əvəz edilməsinə böyük zərurət vardır. Bu məqsədlə apardığımız araşdırmalar nəticəsində ağac mənşəli selüloz lif tərkibli fibrosement məhsulunun perspektivli olduğu müəyyən edilmişdir. Layihənin imkanları, ölkə iqtisadiyyatı üçün əhəmiyyəti araşdırılmış və layihənin icrasına qərar verilmişdir. Layihənin icrası məqsədilə dünyada ən təcrübəli Avstriyanın bu sahədə ixtisaslaşmış iri şirkətlərindən biri olan MFL ilə 2013-cü ildə Vyanada keçirilən biznes-forum çərçivəsində müqavilə imzalanmışdır.

Azərbaycan Fibrosement Zavodunun inşası "Synergy Group"un hal-hazırda həyata keçirdiyi ən böyük sənaye yatırımıdır. Həmin dövrdən ötən müddət ərzində istehsal xətti sifariş edilmişdir. İstehsal edilmiş, ilk avadanlıq artıq Azərbaycana gətirilməyə hazırdır. Zavodun tikintisi üzrə ilkin inşaat mərhələsi yekunlaşıb, ikinci mərhələ üzrə işlər davam edir. AFC, Bakı-Salyan yolunun 47-ci kilometrliyində 7 hektar ərazini əhatə edir və coğrafi baxımdan bu məkan paytaxt və region bazarlarını təmin etməyə imkan yaradır.

- Azərbaycan Fibrosement Zavodunun yaranması bir layihə olaraq hansı iqtisadi əsaslara söykənir?

- “Synergy Group” özünün sənaye yatırımlarında inşaat materialları istehsalını hədəf sektor kimi götürmüşdür. Bu səbəbdən hazırki layihə bizim üçün çox maraqlı və perspektivlidir. Layihənin iqtisadi əsaslandırmasının komponentlərindən biri xammal amilidir. Layihə üzrə texnologiyanın alışına qərar verərkən ölkəmizdə xammal ehtiyatının olub-olmadığını dəyərləndirdik. Layihənin iqtisadi əsaslarından biri Azərbaycanda bu məhsulların istehsalı üçün tələb olunan xammalın mövcudluğudur. Özlüyündə layihə xammal istehsalçıları üçün yeni bazar deməkdir. Daha bir iqtisadi əsas isə Azərbaycan iqtisadiyyatının inkişafı fonunda ölkənin tikinti sektorundakı illik artım templərinin yüksək olmasıdır. Düşünürəm ki, dünya iqtisadiyyatında bu tendensiyanın oxşarı ola bilər, amma Avropada analoqu yoxdur. Həmçinin inşaat sektorunun oyunçularının tələbləri böyüyür, yeni standartlar tətbiq olunur, yeni yanaşmaya və texnologiyalara ehtiyac yaranır. Bu material da tam yeni yanaşmaya əsaslanır. Çünki material həm istehlak, həm də istehsal edən üçün tam sağlamdır, istifadə olunan hər bir xammal təhlükəsizdir. Vurğulamaq istərdim ki, Gürcüstan, Orta Asiya bazarlarının həcmləri haqqında məlumatlar toplanıb və Azərbaycan bazarının idxalı əvəzləmək imkanları dəyərləndirilib, layihənin potensialının güclü olduğu ortaya çıxıb. İnşaat sektorunun yaxın gələcəkdə daha güclü inkişaf edəcəyini əsas götürərək, zavodun məhsulunun bazarda uğurlu olacağını proqnozlaşdırırıq.

Biz nəinki sadə fibrosement materialı, əlavə dəyər gətirilmiş fibrosement məhsullar istehsal etmək niyyətindəyik və bunun üçün zavodun daxilində bir çox istehsal sahələri yaradılacaq. Bu kimi dayanıqlı amillər layihənin uğurlu olmasına zəmin yaradır.

- AFC-nin istehsal yönümü və məhsul çeşidi barədə planlarınız necədir?

- Zavodda eyni zamanda bir neçə istehsal prosesi həyata keçiriləcəkdir. Hər bir proses müasir istehsal zənciri formasında qurulacaqdır.

Biz bazara tam məhsul çeşidini təqdim etmək niyyətindəyik. Bu çeşidə fibrosement materialdan düz panellər, büzməli panellər, yəni dam örtüyü panelləri daxildir. Biz ilk olaraq bazara dam örtüyünün iki çeşidini buraxacağıq. Qeyd edim ki, iki çeşidin hər biri də subçeşidlərdən, yəni iki dizayna malik dam örtüyünün müxtəlif ölçü formalarını, görünüş, rəng çalarları, səthi formaları olacaqdır. Düz fibrosement panelləri də həmçinin dizayn, ölçü və rəng müxtəlifliyi, binaların, şəxsi evlərin fasadında, interyerində istifadə üçün nəzərdə tutulan çeşidlərə malikdir. Niyyətimiz elə ilk gündən Azərbaycanın tikinti sektoruna tam çeşidlə çıxmaqdır. Qrafikə əsasən, hədəfimiz 2015-ci ilin ikinci yarısında artıq ilk məhsulu bazara təqdim etməkdir.

- Qiymət strategiyasını necə, araşdırmısınızmı?

- Layihənin biznes dəyərləndirilməsini, texniki-iqtisadi cəhətdən səmərəliliyini təhlil edərkən ilk məsələlərdən biri də məhz budur. Bazardakı mövcud materiallarla müqayisədə AFC-nin məhsulları texniki və ekoloji cəhətdən bir sıra üstünlüklərə malikdir. Məsələn, bazarda bərabər texniki göstəricilərə malik rəqib materiallar daha ağırdır, yüngülü isə təhlükəsizlik və davamlılıq cəhətdən geri qalır. Bu parametrləri nəzərə alsaq, bizim məhsullarımız rəqabətdə çox güclüdür. Müqayisə apararkən satış qiyməti də rəqabətədavamlı bir həddə olacaq. Bu o deməkdir ki, eyni keyfiyyətdə yüksək təhlükəsizlik parametrlərinə, güc, yüklənməyə davamlılıq üzrə daha böyük üstünlüklərə malik materialları biz daha əlverişli qiymətlərə təklif edəcəyik.

- Zavodun istehsal edəcəyi dam örtükləri və fasadların Azərbaycanda və ümumən regionda satış bazarı ilə bağlı araşdırmalarınız nəticəsində hansı qənaətə gəlmək olar? Bu, ölkəmiz üçün yeni ixrac potensialı yarada bilərmi?

- İxrac nəinki bizim planımız, deyərdim ki, hədəfimizdir. Bunu mümkün edəcək əsaslarımız mövcuddur. Ümumiyyətlə, fibrosement materialı özünün kütləvi tətbiqini əsasən 1980-ci illərdə Avropadan götürüb. İstənilən tip asbest materiallarının onkoloji xəstəliklərə səbəb olan tərkibə malik olduğu sübuta yetirilməsi Avropa Birliyinin birdəfəlik bu materialdan imtina etməsinə səbəb oldu. İmtina edərkən onu nə ilə əvəzləmək sualı yarandı. Bu zaman fibrosement materialının tətbiqi gündəmə gəldi. Əslində nə baş verdi? Konseptual olaraq insan sağlamlığına zərər vurmayan xammaldan istifadə edilməklə ekoloji cəhətdən daha təmiz, güclü texniki göstəricilərə malik materialların istehsalına başlandı və bu proses Şərqə doğru genişlənməkdə davam edir. Lakin hər bir ölkəyə bu imtina üçün müəyyən vaxt lazımdır. Məsələn Avropa birliyi ölkələri asbestin istifadəsinə qadağanı keçən əsrin 80-ci illərində qoyduğu halda, Türkiyə 2010-cu, İran isə 2012-ci ildə istənilən növ asbestin istehsalı və ya idxalına qadağa qoymuşdur. Azərbaycanda da dövlət səviyyəsində tədbirlər nəzərdə tutulub. Biz inanırıq ki, bu proses daha da güclənəcək və biz AFC-ni tikməklə ümumən regionda bazarın alternativ materialla təmin olunmasına hazır olacağıq. Həm də öz vətəndaşlarımızın sağlamlığının qorunması, bazarın xarici istehsalçılardan asılılığının aradan qaldırılması üçün ilk növbədə Azərbaycan asbestdən imtinaya hazır olacaq. Qeyd edim ki, Orta Asiyada da bu tendensiya güclənir və bu dövlətlərə real ixrac bazarları kimi baxırıq.

- İstehsal prosesi hansı texnologiyaya əsaslanacaq və tətbiq olunacaq standartlar barədə nə deyə bilərsiniz?

- “Synergy Group” icra etdiyi bütün layihələrdə mövcud olan ən yüksək standartları tətbiq etməyə çalışır. Bu, Azərbaycanın gələcəkdə rəqabətədavamlı bir iqtisadiyyata malik olmasına, istehsal etdiyimiz məhsulun dünya standartlarına cavab verməsinə gətirib çıxarır. Biz texnologiyanın sifarişini Avropa Birliyinin fibrosement materialına qoyduğu yüksək tələbləri, tətbiq etdiyi standartları, normativləri, nizamlama qaydalarını rəhbər tutaraq həyata keçirdik. Lider texnologiyaya malik əməkdaşlıq etdiyimiz Avstriya şirkəti müştəri olaraq “Synergy Group”un, bazar olaraq Azərbaycan bazarının hədəf götürdüyü Avropa standartlarına uyğun istehsal xətti ilə təchiz etməyi öz üzərlərinə götürdülər. Bizim məhsullarımız Avropa standartlarına tam cavab verəcək və müştəri bu sənaye üzrə ən qabaqcıl keyfiyyətli materialı bizdən ala biləcək.

- Zavodun istehsal imkanlarına dair ilkin proqnozlarınız necədir və təxminən nə qədər yeni iş yeri açılacaq?

- Bakı inkişaf edir və bu inkişaf Cənub-Qərbə doğru daha da intensivləşib. Zavodun iqtisadi əsasları ilə yanaşı mən sosial töhfələrini xüsusilə vurğulamaq istərdim. İnvestisiya şirkəti olaraq “Synergy Group”un etdiyi yatırımlardan cəmiyyətin gördüyü faydanı, biznes strukturu kimi öz xeyrimizlə bərabər tuturuq. Ona görə də həmin ərazidə yeni iş yerlərinin açılması baxımından da layihənin əhəmiyyəti böyükdür. Ümumilikdə ilk mərhələdə zavodun 250-300 işçi sayına malik olması nəzərdə tutulub. Bu zaman şirkətimiz, hər bir investisiya layihəsində olduğu kimi bu layihədə həmçinin, işçilərin iş şəraitinin maksimum dərəcədə, bütün qəbul edilmiş normativlərə uyğun olmasını təmin edəcəkdir. Bundan əlavə, bildiyiniz kimi, bu cür investisiyalar özləri də ətrafda əlavə yeni iş yerləri yaradır. Yəni zavodun təchizatı, kommunal ehtiyacları və digər xidmət sahələri üzrə yeni iş yerləri də açılacaq. Zavod, ildə orta hesabla 5 milyon kvadrat metr məhsul istehsal etmək gücündə olacaq. Bu həcm həm daxili, həm də xarici bazar ehtiyaclarını ödəmək iqtidarındadır.

- Layihədə ekoloji təhlükəsizlik məsələləri necə düşünülüb?

- Hər bir inkişaf etmiş ölkənin tarixinə nəzər salsaq, müəyyən dövrlərdə iqtisadi inkişaf naminə bəzi ekoloji amillərin ciddi olaraq nəzarətdən kənarda qaldığını görərik. Bütün Avropa dövlətləri bu dövrü yaşamalı olublar. “Synergy Group” olaraq, yüksək standartları rəhbər tutduq və hər bir layihəmizdə olduğu kimi bu layihədə də yatırılmış investisiyanın ətraf mühitə heç bir neqativ təsirinin olmayacağını təmin etdik. Çünki material ekoloji cəhətdən daha təmizdir və tərkibində təhlükəli ünsürlər yoxdur. İstehsal prosesinin bütün mərhələləri üzrə işlər dərindən və əsaslı şəkildə düşünülüb. Biz Avstriya şirkətilə işləyərkən, nə maye, nə qaz, nə də bərk formada tullantının ətraf mühitə atılmaması ilə bağlı istəyimizi bildirmişik. Ona görə də texnoloji sikl özündə bütün istehsal prosesində əmələ gələn yan materialların təkrar emalını əhatə edir. Yəni “0” tullantı! Bu o deməkdir ki, bərk tullantı üyüdülüb yenidən emala qayıdır, maye tullantı xüsusi təmizləmə qurğularından keçir və yenidən istifadə olunur, qaz xüsusi filtrasiya sistemilə təmizlənir, tozlar tutulur və xammal kimi geriyə, istehsala göndərilir. Tam əminliklə deyə bilərəm ki, tək Azərbaycanda deyil, regionda ətraf mühitə dost texnologiyalı bir zavoda malik olacağıq.

- Müəssisənin xammal ehtiyacı əsasən hansı yollarla təmin ediləcək?

- Material əsas olaraq sement və qumdan, ağac sellülozunun liflərindən ibarətdir. Bildiyiniz kimi, Azərbaycan sement sənayesi özünün inkişaf dövrünü yaşayır, bazara yeni istehsalçılar daxil olur. AFC-nin qismində həmin zavodlar üçün yeni bir sifarişçi yaranacaq. Sellüloz ağac tərkibli elə bir xammaldır ki, hazırda Azərbaycan onu idxal edir. Zavodun istismarına başlayandan sonra xüsusən də sellüloza tələbatımızın idxaldan asılılığını azaltmaq niyyətindəyik və gələcək investisiyalarımızdan biri də məhz bu sfera olacaq. Azərbaycanda ağac mənşəli tullantıların emalı yolu ilə sellüloz lifləri özümüz istehsal etməyi də düşünürük. Bu üç xammal materialın 85-90 faizini təşkil edir. Hazırda yerli kimya sənayesi, inşaat sektorunun təmsilçiləri ilə danışıqlar aparırıq. Hər bir halda, layihəni optimal şəkildə icra etməyə çalışırıq ki, layihəmiz müasir Azərbaycan sənayesinin qabaqcıl istehsal sahələrindən biri olsun.

- Ölkənin qeyri-neft sektorunda ən iri layihələrdən biri olacaq Azərbaycan Fibrosement Zavodunun milli iqtisadiyyata hansı töhfələri olacaq?

- Bu bir faktdır ki, Azərbaycan iqtisadiyyatı özünün inkişaf dövrünü yaşayır və ölkə rəhbərliyinin siyasəti bu inkişafın davamlılığını təmin edir. Hədəf Azərbaycan iqtisadiyyatını istehlak edən iqtisadiyyatdan istehsal edən, xammala yüksək əlavə dəyər gətirib ixrac edən ölkəyə çevirməkdir. Məhz bu cür investisiyalar bu hədəfə xidmət edir. AFC-nin tikintisinə yatırılan investisiya nəticəsində Azərbaycan, özünün xammalı ilə daha yüksək əlavə dəyər qazanmış yeni bir məhsul istehsal edəcək. Bu isə “Synergy Group”un Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən biri kimi ölkənin ümumi inkişafına xidmət edəcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR