FHN-in Muğan Regional Dövlət Yanğına Nəzarət Xidməti Saatlıda seminar-müşavirə keçirib

FHN-in Muğan Regional Dövlət Yanğına Nəzarət Xidməti Saatlıda seminar-müşavirə keçirib
# 30 oktyabr 2014 13:24 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin Dövlət Yanğına Nəzarət Xidməti Saatlıda seminar-müşavirə keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Saatlı, Sabirabad və İmişli rayonlarının icra hakimiyyətləri ilə birlikdə keçirilən tədbir "Payız qış mövsümündə yaşayış məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti orqanları və qurumların qarşısında duran vəzifələr" mövzusuna həsr olunub.

Seminarda FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının, Saatlı, Sabirabad və İmişli rayon icra hakimiyyətlərinin, rayonun müvafiq idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rahib Salahov baş verən yanğın faciələrinin və dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğulayıb.

FHN Dövlət Yanğına Nəzarət Xidmətinin (DYNX) əməkdaşı Nizami Fərəcov, Muğan Regional Dövlət Yanğına Nəzarət Xidmətinin rəisi Orxan Məmmədyarov və rəis müavini Vüqar Dadaşov çıxış edərək cari ilin 9 ayı ərzində baş verən yanğınların statistikası və onların baş vermə səbəbləri barədə məlumat verib. Qeyd olunub ki, belə hallarla mübarizə üçün maarifləndirmə işlərinin aparılması genişləndirilməli, reydlər zamanı yanğın təhlükəsizliyi norma və qaydaları tələblərinin pozulması halları ilə bağlı daha ciddi tədbirlər görülməlidir.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı plakat və yaddaş vərəqələri seminar iştirakçılarına paylanılıb. Sonda müşavirə iştirakçılarına yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR