Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 14 oktyabr 2014 10:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

APA-Economics”in məlumatına görə, iclasda “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

Komitə sədri Eldar İbrahimov deyib ki, təklif olunan dəyişikliyə əsasən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun 18-ci maddəsində Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir. Hazırda qüvvədə olan maddədə isə ölkəyə idxal olunan məhsulların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə haqqında məlumatların göstərilməsi tələb olunur.

E. İbrahimov bildirib ki, ölkəyə genetik modifikasiya olunmuş məhsulların məhdudlaşdırılması ilə bağlı indiyədək 8 qanuna dəyişiklik edilib. Onun sözlərinə görə, bu dəyişikliklə məsələ daha da konkretləşdirilib.

Daha sonra “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik məsələsi müzakirə olunub. Bu qanunun 20-ci maddəsinə təklif edilən dəyişiklikdə dövlətin baliqmühafizə və akvakultura sahəsində vəzifələri əks olunub, 21 və 22-ci maddələr isə ləğv edilib.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR