Bakıda Aİ-nin Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi təqdimatı keçirilir - FOTOSESSİYA

Bakıda Aİ-nin Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi təqdimatı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 24 sentyabr 2014 07:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi təqdim olunması həsr edilən tədbir keçirilib.

APA-Economics”in məlumatına görə, vergilər naziri Fazil Məmmədov Tvinninq layihəsinin həyata keçirilməsinə yardımçı olan Aİ-yə, onun Azərbaycandakı nümayəndəliyinə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi indiyə kimi Aİ-nin dəstəyi ilə elektron auditlə bağlı Tvininq layihəsi həyata keçirib: “Bu gün yeni layihəyə başlamağımız indiyə kimi görülən işlərin, həyata keçirilən layihələrin uğurlu olmasının nəticəsidir. Ümumiyyətlə Aİ-nin Tvininq proqramları çox mühüm bir alətdir. Bu, bütövlükdə yalnız texniki yardımı ifadə etmir, eyni zamanda bu yardımı alan ölkənin və yardım göstərən ölkənin müvafiq qurumları arasında layihə başa çatdıqdan sonra da davam edən əməkdaşlığı nəzərdə tutur. Mən əminəm ki, layihə Azərbaycana vergi xidməti ilə Fransa və İspaniya vergi Administrasiyaları arasında yeni əməkdaşlıq üçün imkanlar açacaq”.

Vergilər naziri qeyd edib ki, Azərbaycanın vergi orqanlarında çalışan əməkdaşların Fransada uzunmüddətli təcrübə keçməsi, bəzi sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı müəyyən razılıqlar əldə edilib. “Əminəm ki, bu layihə həmin razılaşmaların həyata keçirilməsi üçün tərəflərin potensial imkanlarını reallaşdırmasına da öz müsbət təsirini göstərəcək. Beləliklə, bu gün biz təkcə yeni layihəyə deyil, həm də Fransa və İspaniya vergi Administrasiyaları kimi təcrübəli tərəfdaşlarımızla daha sıx əməkdaşlığa başlayırıq”, - deyə F. Məmmədov vurğulayıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək öz işini yüksək dünya və Avropa standartları səviyyəsində qurmağa çalışır. Onun sözlərinə görə, son illər bu məqsədlə bir sıra iri layihələr reallaşdırılıb ki, bunlar da ölkə prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən modernizasiya siyasətinin göstəricisidir. İnsan resurslarının idarə olunması həmişə prioritet məsələlərdən hesab edilir və Vergilər Nazirliyi insan resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə hələ 2004-cü ildə “Dövlət vergi orqanlarında insan resurslarının inkişafı strategiyasının Konsepsiyası”nı qəbul edib”.

Konsepsiyada əksini tapmış hədəflərə çatmaq üçün həm daxili, həm də kənar mənbələr hesabına insan resurslarının sistemli şəkildə inkişafının uzunmüddətli strategiyasının hazırlanmasının vacibliyini vurğulayan nazir müavini bildirib ki, işçilərin bilikləri mənimsəməsi, onların motivasiyasının stimullaşdırılması və peşəkar karyera yüksəlişinin təmin olunması üçün şəffaflıq və azad rəqabət prinsipləri əsasında formalaşan, müasir tələblərə və gələcəyə yönəlmiş tənzimləyici normativlər və qaydalar işlənib hazırlanmalıdır.

Tədbirdə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard çıxış edərək bildirib ki, iki qurum arasında münasibətlər inkişaf edir: “Bu Tvininq layihəsi əməkdaşlığımızın bariz nümunəsidir. Eləcə də bu layihə fikirlərin təcrübələrin bölüşülməsi üçün gözəl vasitədir. Bu layihə 24 ay üçün nəzərdə tutulub və Aİ bu layihəyə 1 mln. avro ayıracaq”.

O bildirib ki, Azərbaycan vergi sisteminin daha da müasir olması üçün Vergilər Nazirliyi Fransanın qabaqcıl təcrübəsindən yararlanacaq.

Həmçinin tədbirdə Aİ tərəfindən layihə rəhbərləri - İspaniya Maliyyə Nazirliyinin Vergi araşdırmaları mərkəzinin rəhbəri Qonzalo Qomez de Liano və Fransanın Maliyyə Nazirliyinin Şərq Regional Vergi idarəsinin rəhbəri Noel Klaudon, layihənin rezident Tvinnninq məsləhətçisi xanım Pilar de Enterria, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov çıxış ediblər.

Tvinninq layihəsinin bu ilin sentyabr ayının 1-dən başlayaraq İspaniya və Fransanın Vergi Administrasiyaları ilə birgə 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, onun tətbiqi sayəsində üç əsas nəticə əldə olunacaq. Birincisi, insan resurslarının uzunmüddətli və çoxməqsədli İnkişaf Strategiyası və İnkişaf Planı hazırlanacaq. İkincisi, Vergilər Nazirliyinin insan resurslarının inkişafını və səmərəli idarəetməsinin təmin edilməsi üçün tənzimləyici rol oynayan ən müasir normativ qaydalar və metodoloji rəhbərliklər toplusu hazırlanacaq və tətbiq ediləcək. Üçüncüsü isə İnsan resurslarının uzunmüddətli İnkişaf Strategiyası və Tədbirlər Planına uyğun olaraq, işçi heyətinin peşəkarlıq səviyyəsinin daim artırılmasını təmin etmək üçün Aİ-nin ən müasir təcrübəsinə uyğun və müasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil və çoxpilləli treninq sistemi tətbiq ediləcək.

Tədbirdə Aİ-nin, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR