Bakıda VII Mikromaliyyə Konfransı keçirilir

Bakıda VII Mikromaliyyə Konfransı keçirilir
# 09 oktyabr 2014 08:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə "Maliyyə əhatəliliyini dəstəkləyən innovativ praktikalar: təcrübənin öyrənilməsi" adlı VII Mikromaliyyə Konfransı keçirilir.

APA-Economics”in məlumatına görə, tədbirin məqsədi risklərin idarə edilməsi sahəsində ən qabaqcıl təcrübələrin paylaşılması və Azərbaycan mikromaliyyə sektorunun təkmilləşdirilməsinə töhfə ola biləcək ideyalar mübadiləsi üçün əlverişli şərait yaradılmasıdır.

İki günlük tədbir Azərbaycanda mikro-maliyyə mühiti: Azərbaycan və qlobal təcrübələr, kənd təsərrüfatı maliyyəsində yeniliklər, İslam mikromaliyyəsi və İslam Bankçılığı, mikromaliyyədə enerji səmərəliliyi məsələləri, müştərilərin şikayətləri və maliyyə xidməti istehlakçılarının rəy və təkliflərinin idarə edilməsi, mikromaliyyədə ev tikintisi və təmir kreditləri, maliyyəyə çıxış: investorların rolu və maliyyə əhatəliliyini təsviri kimi mövzuları əhatə edir.

AMFA-nın icraçı direktoru Jalə Hacıyeva deyib ki, konfrans iştirakçılara investorlarla, strateji maraqlı tərəflər və texniki xidmət təchizatları ilə şəbəkələşmək və yeni əməkdaşlıq üçün yeni imkan verir. Bundan başqa, konfrans müxtəlif mikromaliyyə təcrübələrini paylaşmaq və sektorun funksionallığını təkmilləşdirmək yollarını müzakirə etmək üçün mükəmməl bir imkan yaradır.

Assosiasiyanın İdarə Heyətinin sədri Süleyman Kələşov qeyd edib ki, Azərbaycan iqtisadiyyatın inkişafı ölkədə mikromaliyyə sektorunun da inkişafına zəmin yaradıb. Azərbaycanda mikromaliyyə təşkilatların 17 il əvvəl yaradıldığını deyən S. Kələşov qeyd edib ki, əgər əvvəl mikromaliyyə təşkilatlarının kredit portfeli 12-15 mln. manat idisə, indi bu göstərici 1 mlrd. 300 mln. manata yüksəlib. O əlavə edib ki, indi mikromaliyyə təşkilatlarının 300-dən çox filial şəbəkəsinə malikdir və bu maliyyə müəssisələrində 4000-dən çox işçi çalışır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, payız sessiyasında Bank Olmayan Kredit Təşkilatları (BOKT) haqqında qanuna dəyişiklik müzakirə olunacaq. O, qeyd edib ki, mikromaliyyə sektorunda rəqabətin gücləndirilməli və faizlər aşağı salınmalıdır.

Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono (Olly Norojono) deyib ki, təmsil etdiyi qurum mikromaliyyə təşkilatlarının inkişafı üçün Azərbaycana yardım etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR