Nazir Şahin Mustafayev İran rəsmiləri ilə görüşündə birgə ticarət palatasının yaradılması məsələsini qaldıracaq

Nazir Şahin Mustafayev İran rəsmiləri ilə görüşündə birgə ticarət palatasının yaradılması məsələsini qaldıracaq
# 16 sentyabr 2014 12:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İrana səfəri çərçivəsində Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.

APA-Economics”in qonşu ölkənin “İRNA” agentliyinə istinadən verdiyi xəbərə görə, nazirlər görüş zamanı bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İranın rabitə və informasiya texnologiyaları naziri bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 500 mln. dollar təşkil edir. “Bu rəqəm qarşılıqlı əməkdaşlıq nəticəsində daha arta bilər”, - deyə o əlavə edib.

Öz növbəsində Ş. Mustafayev əməkdaşlığın böyük ticarət həcminə imkan yarada biləcək geniş sahələrinin olduğunu qeyd edib. Nazir qeyd edib ki, bu məsələni İranın rəsmi dairələri ilə müzakirə edəcək.

Ş. Mustafayev həmçinin əlavə edib ki, danışıqlar zamanı birgə ticarət palatasının yaradılması məsələsini də diqqət mərkəzində saxlayacaq.

Qeyd edək ki, bu gün Ş. Mustafayevin rəhbərli etdiyi nümayəndə heyəti İrana səfərə başlayıb.

Üçgünlük səfər M. Vaezinin dəvəti ilə həyata keçirilir. Səfər ötən ay Bakıda 9-cu İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR