Mübariz Qurbanlı: “Təklif edirik ki, ATƏT hər il ən tolerant şəhər müsabiqələri keçirsin, bu istiqamətdə araşdırmalar aparsın”

Mübariz Qurbanlı: “Təklif edirik ki, ATƏT hər il ən tolerant şəhər müsabiqələri keçirsin, bu istiqamətdə araşdırmalar aparsın”
# 17 noyabr 2014 09:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Bütün səmavi dinlər tolerantlığa, sülhə, dözümlülüyə çağırmasına baxmayaraq, bəzən bundan sui-istifadə edilir”. APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, bu gün dünyanın 30 ölkəsində müxtəlif zəmində münaqişə gedir ki, bunlardan 12-si dini zəmində baş verir: “Dinlər daxilində radikalizm, ekstremizmlə mübarizə güclənməlidir. Radikalizm təkcə İslamda deyil, xristianlıqda, hətta humanizm dini hesab edilən buddizmdə də var”.

M. Qurbanlı qeyd edib ki, tolerantlıq dünyanın ən alternativ seçimlərindən biridir və harada multikulturalizm varsa, orada tolerantlıq da olmalıdır: “Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda tolerantlıq Azərbaycan vətəndaşları üçün həm də mənəvi öhdəlikdir. Bu, bizdə qanunla tənzimlənsə də, həm də xalqın qan yaddaşındadır, onun tələbatıdır. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, Bakıda erməni kilsəsi qalmaqda davam edir. Azərbaycanda yəhudi ravvini ilə müsəlman axund bir yerdə oturub çay içir, müzakirələr aparır”.

Komitə sədri təklifini də açıqlayıb: “Təklif edirik ki, ATƏT hər il ən tolerant şəhər müsabiqələri keçirsin, bu istiqamətdə araşdırmalar aparsın. Mən əminəm ki, bu araşdırma və müsabiqələrdə Azərbaycan birinci yeri tutacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR