Mərkəzi Neftçilər Xəstəxanasında Cənubi Qafqazda ilk dəfə unikal əməliyyat həyata keçirilib

Mərkəzi Neftçilər Xəstəxanasında Cənubi Qafqazda ilk dəfə unikal əməliyyat həyata keçirilib
# 20 avqust 2014 14:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) növbəti unikal əməliyyat həyata keçirilib.

MNX-dən APA-ya verilən xəbərə görə, illər boyu Tiroidin onurğa beynini və ağciyəri kompressiya edən giqant metastazdan (30 sm-dən böyük) əziyyət çəkən 1957-ci təvəllüdlü Hacıyev Safalat Əmir Soltan oğlu əməliyyat edilib.

Cənubi Qafqazda ilk dəfə icra edilən əməliyyat 15 saatdan çox çəkib. Neyrocərrah Elşən Ağabalayev, torakal cərrah Elmar Məmmədov və həkim-otorinolarinqoloq Araz Əliyev tərəfindən aparılan əməliyyatın çətinliyi ondan ibarətdir ki, xəstə üzərində ardıcıl olaraq bir neçə əməliyyat keçirilib, tiroid vəzisi götürülüb, 8-ci döş fəqərəsi total (spondilektomiya), 7-ci döş fəqərəsi yarımçıq (oblik korpektomiya), həmçinin 4 qabırğa çıxarılıb, daha sonra onurğa sütunun və döş qəfəsinin rekonstruksiyası aparılıb.

Həkimlərin sözlərinə görə, hazırda xəstənin vəziyyəti stabildir və 1 həftədən sonra evə buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR