Azərbaycan prezidenti Rusiya baş nazirinin müavini Dmitri Roqozini qəbul edib

Azərbaycan prezidenti Rusiya baş nazirinin müavini Dmitri Roqozini qəbul edib
# 15 sentyabr 2014 12:16 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərin geniş şəkildə nəzərdən keçirilməsinin önəmini qeyd edib.

Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşünü məmnunluqla xatırlayan prezident, həmin görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələr aparıldığını vurğulayıb. Hazırkı dövrdə ticarət dövriyyəsinin artırılması, o cümlədən iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən ölkə başçısı, D. Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini söyləyib.


Böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəldiyini diqqətə çatdıran D. Roqozin nümayəndə heyətinin tərkibində yüksək səviyyəli məmurların olmasının əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin operativ həlli baxımından əhəmiyyətini vurğulayıb. O, komissiyanın bugünkü iclasında dövlət başçılarının Söçi görüşündə qarşıya qoyduqları vəzifələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yüksək səviyyəli işçi qrupunun yaradılması və əməkdaşlığın digər sahələri ilə əlaqədar məsələlərin ətraflı müzakirə olunacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR